
2018-2021-ci illərdə Almaniyanın kənd təsərrüfatı naziri olan Yulia Klökner (“Xristian Demokratlar İttifaqı”) 21-ci çağırış Bundestaqın (Almaniya parlamenti) sədri seçilib.
Yeniavaz.com xəbər verir ki, səsvermədə 382 deputat onun namizədliyini dəstəkləyib, 204 deputat əleyhinə səs verib, daha 31 deputat bitərəf qalıb. 5 bülleten isə etibarsız sayılıb.
Beləliklə, 52 yaşlı Klökner ölkədə ikinci ən yüksək vəzifəyə seçilən dördüncü qadın olub.
O, bu postda Sosial Demokrat Berbel Bası əvəz edib.
Parlamentin sədri vəzifəsi, protokola görə, Almaniyada prezidentdən sonra ikinci mühüm dövlət vəzifəsidir.
Ənənəvi olaraq, Bundestaqın rəhbəri vəzifəsinə namizədi ən böyük parlament fraksiyası irəli sürür.
Qeyd edək ki, fevralın 23-də Almaniyada növbədənkənar parlament seçkiləri keçirilib. CDU/CSU bloku 28,5% səs toplayaraq qalib gəlib. Almaniya üçün Alternativ (AfD) 20,8% səslə tarixində ilk dəfə ikinci yeri tutub. Üçüncü yerdə 16,4% səslə hazırkı kansler Olaf Şoltsun Almaniya Sosial Demokrat Partiyası (SPD) qərarlaşıb. Daha sonra Yaşıllar Partiyası və Sol Partiyası gəlir. Onlar müvafiq olaraq 11,6% və 8,8% səs toplayıblar.
Xatırladaq ki, 21-ci Almaniya parlamentində 630 yer var. Onda CDU/CSU 208, AfD - 152, SPD - 120, Yaşıllar - 85, Sol Partiya isə 64 yer qazanıb. Digər yer Şlezviq-Qolşteyndən İttifaqına (SSW) verilib.