
Moskva məhkəməsi müstəntiqlərə ötən ilin dekabrında AZAL-a məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqla əlaqədar sənədləri müsadirə etməyə icazə verib.
Yeniavaz.com xəbər verir ki. bu barədə “RİA Novosti” məhkəmə sənədlərinə istinadla məlumat yayıb.
İstintaqın sənədlərin müsadirəsi ilə bağlı vəsatət 2025-ci ilin yanvarında qaldırılıb.
Məhkəmə vəsatəti əsaslandıran materialları araşdırıb və onun təmin edilməsi qənaətinə gəlib. Müsadirə qərarı qanuni qüvvəyə minib.
Qərar Rusiyanın cənubunda iki ünvanda sənədlərin müsadirə olunmasını nəzərdə tutur.
Qeyd edək ki, Bakıdan Qroznıya uçan təyyarə 2024-cü il dekabrın 25-i səhər saatlarında Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Xatırladaq ki, fevralın 19-da Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı araşdırmanın yekun hesabatının 2025-ci ilin dekabrınadək təqdim ediləcəyini bildirib.