
Almaniya və Danimarka da daxil olmaqla Avropa İttifaqı ölkələrindən olan bəzi turistlər ABŞ Prezidenti Donald Trampın hərəkətləri və apardığı siyasət fonunda ABŞ-yə səyahət etməkdən imtina edirlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İndependent” qəzeti Avropa turizm agentliklərinə istinadən məlumat yayıb.
Bildirilib ki, turistlərin ABŞ-yə getməmək qərarına təsir edən amillərə əsasən, “Ağ Evin ABŞ-Avropa alyansına meydan oxuması, Qrenlandiyanın ilhaqı təklifi, qlobal ticarət müharibəsində iştirak, sərhəd və viza siyasətlərinin sərtləşdirilməsi, habelə qeyri-qanuni mühacirlərin təqibi daxildir.
Aİ məlumatlarına görə, avropalılar 2023-cü ildə ABŞ-yə səyahət üçün 155 milyard dollar xərcləyiblər. ABŞ Səyahət Assosiasiyasının məlumatına görə, avropalı turistlər digərlərinə nisbətən bu ölkədə 7-8 dəfə çox pul xərcləyir.
Qeyd edək ki, Trampın Danimarkanın muxtar ərazisi olan Qrenlandiya ilə bağlı ritorikası danimarkalılar arasında kəskin reaksiyaya səbəb olub. Fevral ayında ABŞ-yə səfər edən Danimarka vətəndaşlarının sayı keçən ilin eyni dövrü ilə müqayisədə 6% azalıb.