Keçmiş səs mühəndisi Eminemin səsyazmalarını oğurlayıb – KİV


Rep ifaçısı Eminemin keçmiş səs mühəndisi musiqiçinin yayımlanmamış musiqi yazılarını oğurlayıb satmaqda ittiham olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.
Bildirilib ki, Dennis Streync 2007-ci ildən 2021-ci ilə qədər Miçiqanda səsyazma studiyasında işləyib və reperin bütün musiqi yazılarına çıxış əldə edib.
“Yayımlanmamış səs yazıları internetə sızdıqdan sonra FTB araşdırmaya başlayıb. Bu ilin yanvarında hüquq-mühafizə orqanlarının əməkdaşları Streyncin evində axtarış aparıb və rəqəmsal mediada Eminemin yayımlanmamış mahnılarını tapıblar ki, bunlardan 1999-2018-ci illər arasında lentə alınmış 25 mahnı internetdə peyda olub”, - jurnal yazır.
Qeyd olunub ki, təqsirləndirilən şəxs bir səs yazısı üçün təxminən 50 min dollar istəyib və əlində Eminemə məxsus 300-ə yaxın yayımlanmamış bəstə olduğunu bildirib.
Streynci sənətçinin müəllif hüquqlarını pozduğuna görə 5 ilə qədər həbs və 250 min dollar cərimə gözləyir. O, həmçinin ştatlar arasında oğurlanmış malların daşınmasında təqsirli bilinə bilər ki, bu ittihamla maksimum 10 il həbs cəzası nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top