
İsrail qüvvələri Fələstinin Qəzza zolağının şimalında quru əməliyyatına başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrail ordusunun bölmələri Beyt Lahiya qəsəbəsindən qərbə doğru irəliləməyə başlayıb.
İsrail ordusunun (IDF) mətbuat xidməti də məlumat yayaraq Qəzza zolağının şimalındakı Beyt Lahiya şəhəri yaxınlığında quru əməliyyatlarının bərpa olunduğunu bəyan edib.
“Son bir neçə saat ərzində IDF qoşunları Qəzza zolağının şimalındakı Beyt Lahiya bölgəsindəki sahil zolağı boyunca quru əməliyyatına başlayıb. Bundan əvvəl onlar Beyt Lahiya bölgəsində HƏMAS terrorçularının hədəflərinə və tank əleyhinə raket obyektlərinə zərbələr endiriblər” - məlumatda deyilir.
Xatırladaq ki, martın 18-də IDF Qəzza zolağında HƏMAS hərəkatının hədəflərinə zərbələr endirdiyini bəyan edib. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən irəli sürülən təklifləri rədd etməsi ilə izah edib.