
Ötən axşam on minlərlə vətəndaş tələbələrin başçılıq etdiyi genişmiqyaslı etiraz nümayişinə qoşulmaq üçün Belqradın mərkəzi küçələrinə çıxıb.
Yeniavaz.com xəbər verir ki, nümayişçilər Serbiya Prezidenti Aleksandr Vuçiçin başçılıq etdiyi hökumətin ötən ilin noyabrında Novi Sadda dəmiryol vağzalı yaxınlığında beton plitənin uçması nəticəsində 15 nəfərin ölümü ilə nəticələnən faciəyə görə məsuliyyət daşımasını tələb edirlər.
Nümayişçilər əllərində bayraqlar və plakatlar tutaraq yürüş edib, bir neçə yerdə dayanaraq şüarlar səsləndirib və nəhayət parlament binasının qarşısına toplaşıblar.
Etiraz aksiyalarına toplaşanların sayını hesablayan “İctimai Yığıncaqlar Arxivi” təşkilatının məlumatına görə, Belqrad küçələrinə çıxanların sayı 275-325 min nəfər aralığında olub.
Bu gün – martın 16-da Aleksandar Vuçiç ölkə hökumətinə yönəlmiş böyük miqdarda mənfi enerji və qəzəb olduğunu etiraf edərək deyib:
“Bu qədər insan toplaşanda, hakimiyyətdəki hər bir şəxs mesajı almalıdır. Biz özümüzü dəyişməliyik”.
Vuçiçə görə, küçələrə çıxanların sayı təxminən 88-107 min nəfər olub.
Qeyd edək ki, Novi Saddakı qəzadan sonra başlayan tələbə etirazları Vuçiç dövründə qanunun aliliyinin zəifliyini və sistemli korrupsiyanı tənqid edən ən genişmiqyaslı hərəkata çevrilib.
Vuçiç 2017-ci ildən prezidentdir, ondan əvvəl baş nazir vəzifəsini tutub.