
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi Rusiya aviasiya xidmətinə istinadla məlumat yayıb.
Agentliyin həmsöhbəti qeyd edib ki, cümə axşamı səhər saatlarında “Gulfstream G650” təyyarəsi Qətərin paytaxtı Dohadakı Həmad Beynəlxalq Hava Limanından havaya qalxıb.
Moskva vaxtı ilə saat 11:40 radələrində (Bakı vaxtı ilə saat 12:40) təyyarə Latviya istiqamətindən Rusiya hava məkanına daxil olub.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ tərəfdən Ukrayna nizamlanması üzrə danışıqlarda iştirak edənlərin Rusiyaya yola düşdüyünü və bu gün müvafiq təmasların planlaşdırıldığını bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp da nümayəndələrinin Rusiyaya səfər edəcəyini bildirib. Ukrayna və ABŞ arasında Səudiyyə Ərəbistanında aparılan danışıqların nəticələrini və Vaşinqtonun 30 günlük atəşkəs təklifinə Kiyevin verdiyi razılaşmanı şərh edən Tramp indi hər şeyin Rusiyadan asılı olduğunu qeyd edib.
Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırdığını bildirib. Jurnalistlərin bunun bu həftə baş verməsinin mümkün olub-olmaması ilə bağlı sualına Tramp: “Mən belə düşünürəm”, - cavabını verib.