“Ukraynanın atəşkəsi qəbul etməsini vacib hesab edirik” – Ərdoğan


“Rusiya-Ukrayna müharibəsindəki son hadisələr də gündəmimizdə ön planda olub. Dünən ABŞ və Ukrayna arasında aparılan danışıqlarda Ukraynanın atəşkəsi qəbul etməsini müsbət və vacib hesab edirik”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Polşanın Baş naziri Donald Tuskla görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.
“İndi ümid edirik ki, Rusiya da bu addıma konstruktiv cavab verəcək. Türkiyənin bu savaşla bağlı mövqeyi ilk gündən çox açıqdır. Biz istəyirik ki, daha qan tökülməsin və hər iki qonşumuz müharibəni ədalətli sülhlə bitirsin. Əgər son hadisələr Rusiya və Ukraynaya danışıqlar masasına qayıtmağa imkan versə, biz ədalətli və davamlı sülhün bərqərar olmasına, o cümlədən danışıqlara ev sahibliyi etməyə hər cür töhfə verməyə hazırıq”, - Ərdoğan deyib.
Ölkə başçısı qeyd edib ki, daha əvvəl də qeyd etdiyi kimi, bölgəmiz müharibə, münaqişə və göz yaşları ilə doymuşdur:
“Ümidimiz ondan ibarətdir ki, regionumuz uzun müddətdir düşdüyü tələdən çıxaraq tezliklə sülh və sabitliyə nail olsun. Türkiyə olaraq bunun üçün çalışmağa davam edəcəyik inşallah. Ümid edirəm ki, Baş nazir Tuskun səfəri ikitərəfli və çoxtərəfli əməkdaşlığımıza töhfə verəcək”. 

DİGƏR XƏBƏRLƏR

Top