
Bu ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkələrində insanlara 5 milyard 66,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin yanvar-fevral aylarında pərakəndə ticarət obyektlərində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının real dəyəri 1,8% artıb.
Məlumat üçün onu da bildirək ki, bu gün açıqlanan başqa bir rəsmi məlumatda qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətlərinin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3% artdığı göstərilib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə inflyasiya səviyyəsi pərakəndə ticarət dövriyyəsindəki real artımdan 3,5 faiz bəndi çoxdur.
Pərakəndə ticarət dövriyyəsindəki real artımın inflyasiya səviyyəsindən aşağı olmasına münasibət bildirən iqtisadçı-ekspert Allahverdi Aydın Yeniavaz.com-a açıqlamasında bildirib ki, bu, insanların alıcılıq qabiliyyətinin aşağı düşdüyünü göstərir:
“Əgər bir ölkədə ərzaq inflyasiyası ticarət dövriyyəsindəki real artımdan çoxdursa, deməli, insanlar ötən illə müqayisədə bu il daha az ərzaq alıblar.
Bunu sadə şəkildə belə izah edə bilərik: Məsələn, ötən ilin yanvar-fevral aylarında bir nəfər 150 manat verərək 10 kiloqram mal əti alıb. Bir ildən sonra aldığı 10 kiloqram mal əti 5,3 faizlik inflyasiya səviyyəsinə uyğun olaraq bahalaşıb və 158 manat olub. Yəni mal ətinin bir kiloqramının qiyməti son bir ildə 15 manatdan 15,8 manata yüksəlib. Amma həmin şəxsin ötən ildən fərqli olaraq bu il mal ətinə xərclədiyi pul cəmi 1,8% artıb.
Yəni, ötən il 150 manatlıq mal əti alan şəxs, bu il 152,7 manatlıq mal əti alıb. Bu il mal ətinin bir kiloqramının qiyməti 15,8 manat olduğu üçün, deməli, həmin şəxs ötən ildən fərqli olaraq bu il 9,65 kiloqram (152,7/15,8 = 9,65) ət ala bilib. Göründüyü kimi, bu şəxsin aldığı mal ətinin miqdarı əvvəlki illə müqayisədə 350 qram azalıb”.
Elnur Əli