Pakistanda girov götürülən 450 sərnişindən 155-i azad edildi


Xəbər verdiyimiz kimi, Pakistan təhlükəsizlik qüvvələri silahlılar tərəfindən qaçırılan qatardan ən azı 155 sərnişini azad edib və 30-a yaxın ekstremisti zərərsizləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Geo TV” telekanalı təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadla məlumat yayıb.
Təhlükəsizlik qüvvələri silahlıların hücumu zamanı götürülən girovların azad edilməsi üçün əməliyyatları davam etdirir.
Hücumda iştirak edən ekstremistlərin dəqiq sayı məlum deyil.
Azad edilmiş 17 girovun təcili tibbi yardım üçün xəstəxanaya yerləşdirildiyi bildirilib. Onların xəsarətlərinin xarakteri dəqiqləşdirilməyib.
Telekanalın məlumatına görə, hücum edənlər qatarı Əfqanıstan və İranla sərhədlərə yaxın ucqar bölgəyə aparıblar. Girovların azad edilməsi üçün xüsusi əməliyyat başlayandan sonra silahlılar kiçik qruplara ayrılıb.
Telekanalın təhlükəsizlik qüvvələrindəki mənbələri iddia edir ki, ekstremistlər peyk telefonlarından istifadə edir və Əfqanıstanda olan hücumun təşkilatçıları ilə əlaqə saxlayırlar.
Telekanal xəbər verir ki, əməliyyat silahlıların girovlardan canlı qalxan kimi istifadə etməsi ilə mürəkkəbləşib.
Qeyd edək ki, çərşənbə axşamı Bəlucistan Azadlıq Ordusu ekstremist qruplaşmasının silahlıları Pakistanda Kvetta şəhərindən Pişəvər şəhərinə gedən qatarın 450 sərnişinini girov götürüblər. Ekstremistlər dəmiryol relslərini partladıb, daha sonra qatara atəş açıblar. Qatarın maşinisti və bir neçə sərnişin yaralanıb. Hücum zamanı qatarın təhlükəsizlik işçiləri ilə silahlılar arasında atışma baş verib.

DİGƏR XƏBƏRLƏR

Top