
Son günlər dünyanın ən böyük iqtisadiyyatına sahib olan ABŞ-də baş verənlər qızılın qiymətinin yüksəlməsinə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, ABŞ-nin nəhəng şirkətlərinin səhmlərində müşahidə olunan ucuzlaşmalardan sonra investorlar qızıla sərmayə qoymağa başlayıblar. Bu da öz növbəsində qızlın qiymətininin yüksəlməsinə gətirib çıxarıb.
Son 10 gündə dünya bazarlarında qızlın bir unsiyasının (31 qram) qiyməti 2,6% bahalanaraq 2 834 dollardan 2 909 dollara yüksəlib.
Onu da qeyd edək ki, dünya bazarlarında qızlın qiymətinin yüksəlməsinə baxmayraq Azərbaycan Mərkəzi Bankı son 10 gündə qızılın qiymətini daha az – 1,2% artırıb. Hətta, əvvəlki günlərlə müqayisədə qızlın qiymətində enmələr müşahidə edilib. Fevral ayının 24-də Mərkəzi Bank bir unsiya qızlın qiymətini 4 999,4 manata kimi yüksəltsə də, sonrakı tarixlərdə qiymətləri aşağı salıb. Bu gün açıqlanan məlumatda isə qızlın bir unsiyasının 4 926,7 manat olduğu bildirilir.
Açıqlanan məlumatlardan belə görünür ki, Azərbaycan Mərkəzi Bankı qızlın qiymətinin psixoloji həddi – 5 000 manatı keçməsində maraqlı deyil.
Qızlın qiymətinin yüksəlməsi, qızıldan hazırlanan zərgərlik məhsullarının da bahalanmasına səbəb olur və bu da öz növbəsində digər məhsulların bahalanmasına gətirib çıxarır. Eyni zamanda, qızlın qiymətinin artması insanları daha çox qızıl almağa təşviq edir ki, bu da dövriyyədəki pul kütləsinin azalmasına və iqtisadi aktivliyə təsir edir.
Elnur Əli