
İngiltərənin “Mançester Yunayted” klubu ev stadionu olan “Old Trafford”u sökəcək.
Yeniavaz.com “The Telegraph” qəzetinə istinadla xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, köhnə stadionun yerində 100 min tamaşaçı üçün nəzərdə tutulmuş yeni arena tikiləcək.
Qəzet yazır ki, tikinti təxminən yeddi il çəkəcək və layihə 2,37-2,73 milyard avroya başa gələcək.
“Mövcud stadionumuz son 115 ildə bizə çox gözəl xidmət göstərdi, lakin o, dünya idmanının ən yaxşı arenalarından geri qaldı. Mövcud meydançanın yerində yeni stadion tikməklə, biz həm “Old Trafford”un mahiyyətini qoruyub saxlaya, həm də azarkeşlərin təsəvvürünü dəyişdirəcək müasir arena yarada biləcəyik”, - deyə “Mançester Yunayted”in həmsahibi Cim Retkliff bildirib.
Qeyd edək ki, “Old Trafford” 74 min tamaşaçı tutumuna malikdir. Stadion 1909-cu ildə tikilib və 1910-cu ildən “Mançester Yunayted”in ev stadionu olub.
Xatırladaq ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 28 oyundan sonra 34 xalla 14-cü yerdədir. Komanda Avropa Liqasının 1/8 final mərhələsində İspaniyanın “Real Sosyedad” klubu ilə üz-üzə gələcək. İlk oyunu 1:1 hesabı ilə başa çatan qarşılaşmanın cavab oyunu martın 13-də İngiltərədə keçiriləcək.