
ABŞ Prezidenti Donald Tramp şirkətin sahibi İlon Maska dəstək üçün yeni “Tesla” avtomobili alacağını bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində bildirib.
“Sabah səhər mən İlon Maska dəstək və etimad olaraq yeni “Tesla” alacağam”, - deyə Tramp qeyd edib.
“Nə üçün Mask Amerikanın yenidən möhtəşəm olmasına kömək etmək üçün böyük qabiliyyətlərindən istifadə etdiyinə görə cəzalandırılmalıdır?” - Tramp əlavə edib.
Qeyd edək ki, yerli KİV-in məlumatına görə, Maskın rəhfərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) dövlət orqanlarında ixtisarlarla bağlı fəaliyyətləri ABŞ-də “Tesla”ya qarşı etirazlara səbəb olub.
Digər tərəfdən, “The Independent” qəzetinin martın 7-də yazdığına görə, “Tesla”nın səhmləri əhəmiyyətli dərəcədə ucuzlaşdıqdan sonra Maskın sərvəti bir gündə 8,8 milyard dollar azalıb.
Trampın “Tesla”nın hissələrinin idxal olunduğu Kanadaya qarşı yeni rüsumlar tətbiq etməsindən və “Tesla”nın elektrik avtomobilləri üçün ikinci ən böyük bazar olan Çindən gələn mallara rüsumları artırmasından sonra şirkətin səhmlərinin qiyməti aşağı düşüb.
Martın 6-da ticarət bağlandıqdan sonra səhmlərin qiyməti 261 dollara qədər ucuzlaşıb. Ümumilikdə, Maskın aktivləri 2024-cü ilin dekabrından 121 milyard dollar azalıb.