Qlobal silah satışlarının 43%-i ABŞ-nin payına düşür


Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2020-2024-cü illərdə qlobal silah ticarətinin vəziyyəti haqqında hesabat dərc edib.
Yeniavaz.com
xəbər verir ki, hesabata görə, bu dövr ərzində Ukraynadakı münaqişəyə və ABŞ-nin gələcək siyasətinə dair qeyri-müəyyənliyə cavab olaraq Avropadan hərbi idxal 2015-2019-cu illərlə müqayisədə 155% artıb.
SIPRI-nin məlumatına görə, ABŞ-nin qlobal satışdakı payı 43%-ə yüksəlib, Rusiyanın ixracı isə 64% azalıb.
2020-2024-cü illərdə ABŞ-nin satışları əvvəlki dövrlə müqayisədə 21% artıb, qlobal həcmdə payı isə 35%-dən 43%-ə yüksəlib.
2020-2024-cü illərdə ABŞ 107 ölkəyə silah tədarük edib. Son iki onillikdə ilk dəfə olaraq ABŞ-nin hərbi ixracatının əsas hissəsi Yaxın Şərqə deyil, Avropaya(35%) gedib. Bununla belə, Səudiyyə Ərəbistanı Amerika silahlarının ən böyük idxalçısı olaraq qalır (12%).
Ümumi hərbi satışlar 2015-2019 və 2010-2014-cü illərlə müqayisədə sabit qalıb, lakin 2005-2009-cu illərə nisbətən 18% yüksək olub.
Avropa və Amerika idxalının artımı digər bölgələrdə hərbi alışların azalması ilə balanslaşdırılıb.
SIPRI-nin 2020-2024-cü illərdə dünyanın ilk 10 silah ixracatçısının siyahısı 2015-2019-cu illərdəki kimi olub.
İlk beşliyə əvvəlki kimi ABŞ, Fransa, Rusiya, Çin və Almaniya daxil olub. Bununla belə, qlobal payı 7,8% olan Rusiya Fransadan sonra (9,6%) üçüncü yerə yüksəlib. İtaliya (4,8%) isə 10-cu yerdən 6-cı yerə qalxıb.
İkinci yeri tutan Fransa eyni dövrdə 65 ölkəyə silah tədarük edib. Siyahıda üçünvcü olan Rusiya isə 2020-2024-cü illərdə 33 ölkəyə silah tədarük edib.
Ən böyük silah ixracatçıları arasında Çin 2020-2024-cü illərdə 5,9% qlobal həcm payı ilə dördüncü yerdə qərarlaşıb.
Hesabatın müəllifləri qeyd edirlər ki, Çinin öz məhsullarını tanıtmaq səylərinə baxmayaraq, bir çox iri idxalçılar onları siyasi səbəblərdən almaqdan imtina edirlər.
2020-2024-cü illərdə Ukrayna ən böyük silah idxalçısı olub: onun alışlarının həcmi 2015-2019-cu illərlə müqayisədə təxminən 100 dəfə artıb. Kiyevə silah tədarükü 35 ölkədən həyata keçirilib və qlobal həcmin 8,8%-ni təşkil edib.
Ən böyük ixracatçılar ABŞ (45%), Almaniya (12%) və Polşa (11%) olub.
Ukrayna 2020-2024-cü illərdə ilk 10 idxalçı sırasına daxil olan yeganə Avropa ölkəsi olub, baxmayaraq ki, bir çox Avropa ölkələri bu dövrdə hərbi alışları əhəmiyyətli dərəcədə artırıb.
Hindistan, Qətər, Səudiyyə Ərəbistanı və Pakistan Ukrayna ilə birlikdə 2020-2024-cü illərdə ən böyük beş silah idxalçısından biri olub.
2020-2024-cü illərdə NATO-ya üzv Avropa ölkələrinin silah idxalı əvvəlki beş illik dövrlə müqayisədə 105% artıb. Ümumi tədarükün 64%-i ABŞ-dən gəlib (2015-2019-cu illərdə 52%). Onları Fransa və Cənubi Koreya (hər biri 6,5%), Almaniya (4,7%) və İsrail (3,9%) izləyir.

DİGƏR XƏBƏRLƏR

Top