
“Bütün qruplar silahı yerə qoymalı, PKK özünü buraxmalıdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə terror təşkilatı PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın müraciətində deyilir.
“1000 ildir varlığını qoruyan türk-kürd münasibətləri ittifaqa doğru inkişaf etməlidir. Cümhuriyyətin 2-ci əsri yalnız demokratik uzlaşma ilə yaxşı ola bilər. Cənab Bağçalı (Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı - red.) və cənab Prezident Ərdoğanın (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - red.) ortaya qoyduğu iradə sayəsində bu çağırışı edirəm”, - Öcalan bildirib.
Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. DEM Partiyasının rəhbərliyi bu gün İmralı adasında Öcalanla danışıqlar aparıb.