
İspaniyanın “Real Madrid” klubunun rəhbərliyi futbolçu transferə razılıq verəcəyi təqdirdə braziliyalı hücumçu Vinisius Junioru Səudiyyə Ərəbistanı klubuna satacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Məlumata görə, Vinisiusa Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fonduna (PİF) aid olan komandalardan birinə keçmək təklif olunacaq. Tərəflər razılığa gəldikdən sonra isə futbolçunun komandası seçiləcək.
Nəşrin məlumatına görə, potensial transfer 2025-ci ilin yayında baş tuta bilər. Onun məbləği 240 milyon avro (orta hesabla 200 milyon funt sterlinq) təşkil edəcək və bu transfer futbol tarixində rekord olacaq.
Hazırda isə bu göstəricidə lider braziliyalı forvard Neymarın 2017-ci ilin yayında İspaniyanın “Barselona” klubundan Fransanın “Paris Saint-Germain” klubuna transferidir. “Transfermarkt” portalının məlumatına görə, bu müqavilə Paris klubuna 222 milyon avroya başa gəlib.
Qeyd edək ki, Vinisiusun 24 yaşı var və 2018-ci ildən “Real Madrid”də çıxış edir. Braziliyalı müxtəlif turnirlərdə komandanın heyətində 298 oyun keçirib, 102 qol vurub və 74 məhsuldar ötürmə edib. Madrid klubunun tərkibində futbolçu üç dəfə İspaniya çempionatı və Superkubokunun, bir dəfə İspaniya kubokunun qalibi olub. O, eyni zamanda iki dəfə Çempionlar Liqası və Klublararası Dünya Kubokunu, həmçinin, UEFA Superkubokunu qazanıb.
Braziliya millisində isə Vinisius 37 oyun keçirib. Onun hesabında 5 qol və 5 məhsuldar ötürmə var.
Vinisius FİFA tərəfindən 2024-cü ilin ən yaxşı oyunçusu seçilib.