
Rusiyanın paytaxtı Moskvada zibil qutusuna “Porsche Macan” avtomobilin atılması ilə bağlı xəbər həqiqətə uyğun olmaya bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
“Yoldaşının hədiyyəni qəbul etməkdən imtina etməsindən sonra ərin zibil qutusuna atdığı avtomobillə bağlı hekayə çox güman ki, uydurmadır. Yaxşı düşünülmüş uydurmadır”, - məlumatda deyilib.
Mənbənin sözlərinə görə, 2025-ci il fevralın 22-də naməlum şəxslər evakuatordan istifadə edərək avtomobili gətirib zibil qabına yükləyib və oradan uzaqlaşıblar. Maşın üç gün belə qalıb. Avtomobilin fonunda videolar da çəkilib.
Yerli sakinlərin dediyinə görə, çəkiliş qrupu iki dəfə gəlib: maşın təzə gələndə və ertəsi gün. Çəkilişlər başa çatdıqdan sonra maşın götürülüb.
Qeyd edək ki, sosial şəbəkələrin Rusiya seqmentində “Porsche Macan” avtomobilin zibil yeşiyinə atılması ilə bağlı məlumat yayılıb. Maşının 14 fevral Sevgililər Günü hədiyyəsi olduğu deyilir.
“Sergey və yoldaşı Alla (adlar dəyişdirilib) münasibətlərində çətin dövr yaşayır. O, ailəni gözəl hədiyyə ilə xilas etmək istəyirdi. Sevgililər günündə Sergey 3 milyon rubla (58 min manatdan çox - red.) avtomobil alıb. Maşın zədələndiyi üçün əvvəlcə onu təmir edib, martın 8-i Qadınlar Günündə hədiyyə etməyi planlaşdırıb. Qadın bu hədiyyəni bəyənməyərək ondan imtina edib. Sergey evakuator çağırıb və maşını zibil qutusuna yükləyib”, - məlumatda deyilib.

