Növbəti ABŞ-Rusiya görüşü sabah İstanbulda olacaq


Fevralın 27-də İstanbulda Rusiya və ABŞ diplomatlarının iki ölkə səfirliklərinin işi ilə bağlı görüşü keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, diplomatlar və ekspertlər iki ölkənin diplomatik nümayəndəliklərinin işindəki maneələrin necə aradan qaldırılacağını müzakirə edəcəklər.
“Belə bir görüş sabah İstanbulda baş tutacaq. Düşünürəm ki, onun nəticələri bizim nə qədər tez və effektiv hərəkət edə biləcəyimizi göstərəcək”, - Lavrov bildirib.
Qeyd edək ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Rusiya və Amerika nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra tərəflər Moskva və Vaşinqtondakı diplomatik missiyaların işçilərinin sayını bərpa etmək barədə razılığa gəliblər.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. O qeyd edib ki, diplomatik əlaqələr qurulmadan Rusiya ilə Ukrayna arasında nizamlanmanı müzakirə etmək çətin olacaq.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə öz növbəsindıə birinci və yəqin ki, ən təcili və əlbəttə ki, ən çətin olmayan razılaşmanın səfirlərin tezliklə təyin edilməsinin təmin edilməsi olacağını bildirib.
Xatırladaq ki, 2023-cü ildən Amerikanın Rusiyadakı diplomatik missiyasına Linn Treysi başçılıq edir. “Kommersant” qəzetinin yazdığına görə, onu bu vəzifədə ABŞ-nin Liviya üzrə xüsusi nümayəndəsi Riçard Norland əvəz edə bilər.
Rusiyanın ABŞ-dəki səfiri isə 2024-cü ilin oktyabr ayına qədər Anatoli Antonov olub. O zaman Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın yeni rəhbəri kimi Şimali Amerika Departamentinin direktoru Aleksandr Darçiyevin namizədliyi barədə qərar qəbul edib.

DİGƏR XƏBƏRLƏR

Top