
Kiyev və Vaşinqton faydalı qazıntılar üzrə sazişin şərtləri barədə razılığa gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ 500 milyard dollar potensial mənfəət əldə etmək hüququnu tələb etməkdən imtina edib və Ukrayna daha sərfəli şərtlərlə razılaşıb.
Nəşrin əldə etdiyi sazişin yekun variantında Ukraynanın neft və qaz da daxil olmaqla dövlət resurslarının gələcək monetizasiyasından əldə olunan gəlirin 50%-ni daxil edəcəyi fondun yaradılması nəzərdə tutulur. Bu vəsaitlərlə Ukraynadakı layihələrə investisiya qoyulacaq.
Həmçinin Ukrayna büdcəsinə gəlir gətirən depozitlər sazişdən çıxarılıb. Lakin bu hal Ukraynanın ən böyük neft-qaz şirkətləri olan “Naftoqaz” və “Ukrneft”ə şamil edilməyib.
FT yazır ki, sazişin mətnində Ukraynanın ən ciddi tələbi olan ABŞ-nin təhlükəsizlik zəmanətlərindən bəhs edilmir.
Məlumatı “Ukrainska Pravda” da təsdiqləyib.
Hələlik nə Kiyev, nə də Vaşinqton bu məlumatı rəsmi şəkildə şərh etməyib.
Xatırladaq ki, fevralın əvvəlində ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ-nin hərbi yardımı müqabilində Ukraynadan nadir torpaq metalları almaqda maraqlı olduğunu bildirib. Münhen Təhlükəsizlik Konfransı zamanı Ukrayna ABŞ nümayəndə heyətinə nadir torpaq metalları üzrə sazişin yenidən işlənmiş variantını təqdim edib. Lakin Ukrayna Prezidenti Volodimir Zelenski qarşı tərəfin təqdim etdiyi yeni müqaviləni imzalamaqdan imtina edib. Bir neçə gün sonra Tramp onu “diktator” adlandırıb və faktiki olaraq müharibənin başlamasında Ukraynanı günahlandırıb.