
İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Barselona” “Atletiko Madrid”i qəbul edib.
Yeniavaz.com xəbər verir ki, hesab 4:4 bərabər olub.
Matçın ilk dəqiqəsində qonaqların argentinalı hücumçusu Xulian Alvareş hesabı açıb. 6-cı dəqiqədə “Atletiko”nun fransalı hücumçusu Antuan Qrizmann fərqlənib.
19-cu dəqiqədə ispaniyalı yarımmüdafiəçi Pedri hesabdakı fərqi azaldıb. 21-ci dəqiqədə Kataloniya komandasının ikinci qolunu ispaniyalı müdafiəçi Pau Kubars vurub. 41-ci dəqiqədə ispan müdafiəçi İniqo Martinezin qolu Hans-Diter Flikin rəhbərlik etdiyi klubu hesabda irəli çıxarıb. 74-cü dəqiqədə polşalı hücumçu Robert Levandovski “Barselona”nın üstünlüyünü 2 topa çatdırıb.
84-cü dəqiqədə ispaniyalı yarımmüdafiəçi Markos Llorente argentinalı Dieqo Simeonenin rəhbərlik etdiyi komandanın heyətində 3-cü qolu vurub. Əlavə olunmuş vaxtın üçüncü dəqiqəsində isə norveçli hücumçu Aleksandr Şörlot yekun bərabərliyi bərpa edib.
Qeyd edək ki, cavab oyunu aprelin 2-də Madriddə keçiriləcək.
Yarımfinalın digər cütü isə “Real Sosyedad” və “Real Madrid”dir. Bu komandalar arasında ilk görüş fevralın 26-da baş tutacaq.