
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 67 min ədəd artaraq 19 milyon 965 min ədəd təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15,8% artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 18,1%, kredit kartları üzrə 0,3% təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə artıb. 2025-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6 milyard 902 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5 milyard 845 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1 milyard 52 milyon manatı POS-terminallar, 3,1 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. Yanvar ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 68,5%-ni təşkil edib.