Britaniya Rusiyanın G7-yə yenidən qoşulmasını müzakirə edəcək


London Moskvanın Yeddilik Qrupuna (G7) qayıtma ehtimalını istisna etmir və bu, G8 formatının bərpa olunmasına səbəb ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Times Radio”ya müsahibəsində Britaniya daxili işlər nazirinin müavini Den Carvis bildirib.
Carvis əlavə edib ki, bu məsələ Britaniyanın beynəlxalq tərəfdaşları ilə müzakirə olunacaq və Ukraynada hərbi münaqişə başa çatdıqdan sonra nəzərdən keçiriləcək.
O, Britaniyanın Baş nazir Kir Starmerin fevralın 27-də ABŞ Prezidenti ilə görüşdə məsələni müzakirə etməyi planlaşdırdığını qeyd edib.
“Bu, beynəlxalq müttəfiqlərlə müzakirə olunacaq mövzudur. Bu, həm də şübhəsiz ki, Ukraynada münaqişə başa çatdıqdan sonra nəzərdən keçiriləcək məsələdir”, - nazir müavini əlavə edib.
Onun sözlərinə görə, Starmer də Fransa Prezidenti Emmanuel Makron kimi Ukraynanın münaqişənin həlli ilə bağlı gələcək danışıqlarda iştirakında israr edəcək.
Qeyd edək ki, Tramp daha əvvəl Rusiyanın 2014-cü ildə G8-dən çıxarılmasını səhv adlandırmış, Moskvanın yenidən qrupa qayıtmasından şad olacağını bildirmişdi.
Xatırladaq ki, Rusiya 1997-ci ildən G8-in (G7 formatında - Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya - 1976-cı ildən mövcuddur) üzvü olub. Ancaq 2014-cü ildə Krımın Rusiyaya birləşməsindən sonra onun üzvlüyü dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top