“Qalatasaray” Mourinyo ilə bağlı prokurorluğa müraciət edəcək


“Qalatasaray” “Fənərbağça”nın portuqaliyalı məşqçisi Joze Mourinyo ilə bağlı prokurorluq orqanlarına müraciət etmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ötən gün baş tutan qarşılaşmadan sonra klubun mətbuat xidməti məlumat yayıb.
Oyundan sonra portuqaliyalı bildirib ki, matçın epizodlarından birində bütün “Qalatasaray” təmsilçiləri “meymunlar kimi ehtiyat oyunçular skamyasında tullanıb”.
““Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Türkiyədə fəaliyyətə başladığı gündən türk xalqı haqqında daim alçaldıcı açıqlamalar verib. Bu gün onun açıqlamaları əxlaqsız şərhlərdən sadəcə qeyri-insani ritorikaya çevrilib. Joze Mourinyonun irqçi bəyanatları ilə bağlı prokurorluq orqanlarına müraciət edəcəyik, həmçinin UEFA və FİFA-ya rəsmi şikayətlər göndərəcəyik”, - “Qalatasaray”ın açıqlamasında bildirilir.
Qeyd edək ki, “Qalatasaray” 24 oyundan sonra 64 xal toplayaraq Türkiyə çempionatının turnir cədvəlində birinci yerdədir. Portuqaliyalı mütəxəssis Joze Mourinyonun komandası 58 xalla ikinci pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top