
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola 26-cı turda “Liverpul”a məğlubiyyətdən sonra mövsümün sonunda komandanı tərk etmək qərarına gələ bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Mənbənin sözlərinə görə, cari mövsümdəki zəif çıxış kataloniyalı mütəxəssisi klubu tərk edərək Səudiyyə Ərəbistanı çempionatına keçməyə sövq edə bilər. Orada ona Mançesterdəki gəlirindən bir neçə dəfə yüksək maaş təklif olunur.
Xatırladaq ki, fevralın 19-da “Mançester Siti” pley-off mərhələsinin cavab oyununda “Real Madrid”ə uduzub. Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçirilən görüş 3:1 hesabı ilə başa çatıb.
Qvardiola 2016-cı ildə “Mançester Siti”yə keçib. Bu müddət ərzində mütəxəssis və komandası 18 kubok, o cümlədən 6 dəfə İngiltərə Premyer Liqasının çempionu olub.