İlahi rəhmət mövsümü...


Allahın (c.c.) “Mükafatını mən verəcəyəm” buyurduğu yeganə ibadət orucdur. Çünki Allah (c.c.) üçün edilən heç bir əməl, heç bir fədakarlıq əvəzsiz qalmır.
Oruclu insan günahlara və cəhənnəm əzabına qarşı zireh geyinmiş insan deməkdir. Çünki “oruc qalxandır”...
Oruc - nəfslə mübarizə aparmaqdır və Peyğəmbərimiz (s.ə.s.) nəfslə mübarizəni “böyük cihad” adlandırır. İçimizdə gəzdirdiyimiz bu düşmənin ən çox qorxduğu silah isə məhz orucdur. Nəfs əbədi səadətə qovuşmaq yolunda insanoğlunun qarşısına çıxan ən böyük maneədir.
Oruc - Allahın (c.c.) bəxş etdiyi sonsuz nemətləri əbədi mükafata çevirmək üçün fürsətdir. Buna fani nemətlərdan Allahın əmr etdiyi vaxta - iftara qədər imtina etməklə nail olmaq mümkündür. Çünki Allah (c.c.) bu müddətdə uzaq durduğumuz yeməklərin, həmçinin, uzaq durduğumuz günahların mükafatını verəcəyini vəd verir.
Oruc - səbir və iradə qəhrəmanlarının zəfəridir. İl boyu dünyəvi işlərə başı qarışan insanlar qarşılaşdıqları problemlərin həllində, bir çox hallarda, səbirsiz davranırlar. Halbuki Allah (c.c.) nəfs və şeytana, eləcə də fəlakətlərə qarşı mübarizə aparmaq üçün insana iradə gücünü verib. Oruc isə bu gücü sınağa çəkərək, sanki daha da gücləndirir.
Oruc insanlara kökü qənaət üzərində qurulan həyat tərzinin nə olduğunu öyrədir. Çünki bir ay o qədər də az vaxt deyil. Bu vaxt ərzində alışıdığımız həyat tərzini bütün ömrümüzə tətbiq edə bilərik.
Toxluq nəfsin arzularını təhrik edir. Aclıq isə (təbii ki, ifrat dərəcədə olmamaq şərti ilə) insanda təfəkkür qabiliyyətini gücləndirir. Buna görə də, ruhi xəstələrə tətbiq edilən ilk müalicə üsulu pəhrizdir.
Bununla belə oruc bir ibadət olduğu üçün o məqsədlə tutulmamalıdır. Əgər onun faydaları məqsədə çevrilsə, o, ibadət sayılmaz. Yəni, orucumuzu hansısa xəstəlikdən qurtulmaq, hansısa çəkidən xilas olmaq niyyəti ilə tutmamalıyıq.
Ramazan müsəlmanların fəzilətini və əxlaqını artırmaq üçün ilahi mərhəmətlə dolub daşan rəhmət mövsümüdür. Oruclu ikən təkcə yeyib-içməkdən yox, eyni zamanda pis sözdən, dedi-qodudan, qeybətdən də uzaqlaşmalıyıq…
İslam alimlərindən biri buyurur: “Layiq olduğu şəkildə ibadət etmək bir sənətdir. Onun qazanc yeri xəlvət, vasitəsi isə aclıqdır”. O aclıq ki, müasir tibb elmində pəhriz adı ilə müxtəlif xəstəliklərə məlhəm kimi təklif olunur. O aclıq ki, daha çox dözüm tələb edən məhrumiyyətdir.
Rəvayətlərin birində nəql olunduğu kimi, Nəfs Cənabi-Haqqa “Sən sənsən, mən mənəm” deməyə cürət edir, Allah (c.c.) da onu müxtəlif cəzalara məruz qoyur. Nəfs isə yalnız aclıq cəzasına dözməyərək, acizliyini qəbul edir. Odur ki, oruc nəfsə qalib gəlmək üçün ən güclü yoldur.
Həzrəti-Mövlana buyurur: “İnsanın əsl qidası Allahın nurudur. Ona həddindən artıq maddi qida vermək layiq deyil. İnsanın əsl qidası İlahi eşq və İlahi ağıldır. İnsan, əslində, ruhani qidasını unutduğuna görə təlaş içərisindədir. Çünki dünyəvi qida hara, sonsuzluq qidası hara?!”
Həzrəti Loğman isə öğluna həmişə belə nəsihət edərdi: “Mədə doyanda, fikir yuxuya gedər, hikmət isə susar”...

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top