“Zelenski tezliklə mineral ehtiyatlarla bağlı sazişi imzalayacaq” – Trampın müşaviri


“Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda mineral ehtiyatlara dair saziş imzalayacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ-nin Milli Təhlükəsizlik üzrə müşaviri Mayk Uols konfransda çıxışı zamanı deyib.
“Vəziyyət belədir: Prezident Zelenski bu sazişi imzalayacaq və siz bunu yaxın gələcəkdə görəcəksiniz”, - Uols bildirib.
Ukraynanın “Suspilne” nəşrinin prezident ofisindəki mənbəsi bildirib ki, Ukrayna və Amerika tərəfləri saziş layihəsi üzərində işləməkdə davam edirlər:
“Saziş layihəsinin Ukraynanın maraqlarına uyğun təkmilləşdirildiyini söyləmək tezdir. Təhlükəsizlik baxımından hələ də həll edilməli olan bəzi məsələlər var”.
Qeyd edək ki, Volodimir Zelenski mineral ehtiyatlar üzrə saziş bağlamaqdan imtina etdikdən sonra ABŞ Prezidenti Donald Tramp Ukrayna prezidentini sərt tənqid edib.
“Axios”un məlumatına görə, Tramp administrasiyası Ukraynaya mineral ehtiyatlarla bağlı yeni saziş layihəsi təqdim edib. Bu layihədə nəşrin mənbələri deyir ki, Volodimir Zelenskinin bəzi narahatlıqları nəzərə alınıb. Xüsusilə, ukraynalıları narahat edən müddəalar sənəddən çıxarılıb, məsələn, müqavilənin Nyu-York məhkəməsinin yurisdiksiyasına aid olması.

DİGƏR XƏBƏRLƏR

Top