Devalvasiyanın “10 illiyidir” – Yenisi gözlənilirmi?


Bu gün Azərbaycan iqtisadiyyatında baş verən mühüm hadisələrdən birinin – 2015-ci ildə baş verən devalvasiyanın 10-cu ildönümüdür.
Yeniavaz.com
xəbər verir ki, 21 fevral 2015-ci ildə Azərbaycan Mərkəzi Bankı manatın dollar qarşısındakı məzənnəsini 1,05 manat səviyyəsindən 1,55 manat səviyyəsinə endirib. Həmin ilin sonunda ölkədə ikinci devalvasiya baş verib və manat dollar qarşısında 1,55 manatdan 1,7 manata qədər dəyər itirib.
Bəs görəsən, 10 ildən sonra Azərbaycanda yeni devalvasiya gözlənilirmi? Qarşıdakı dövrlərdə manatın məzənnəsi sabit qalacaq, yoxsa növbəti devalvasiya baş verəcək?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, yeni devalvasiyanın olub-olmayacağı yerli və qlobal iqtisadiyyatda baş verən dəyişikliklərdən asılı olacaq:
“Dövlət Neft Fondunun valyuta ehtiyatları 2025-ci ilin əvvəlində 60 milyard dolları ötüb. Mərkəzi Bankın ehtiyatları isə təxminən 11 milyard dollara yaxınlaşıb. Bu ehtiyatlar Mərkəzi Banka manatın məzənnəsini qorumaq üçün geniş imkanlar verir. Eyni zamanada neft və təbii qazın dünya bazarındakı qiymətləri yüksəkdir və bu da Azərbaycana böyük həcmdə valyuta daxil olmasını təmin edir. İxracın idxaldan üstün olması, yəni xarici ticarətdəki müsbət saldo da manatın məzənnəsini qorumağa kömək edir. Bu sadaladıqlarımız növbəti devalvasiya ehtimalını azaldır. Lakin dünyada baş verən proseslər, xüsusilə də ABŞ-nin yeni Prezidenti Donald Trampın enerji qiymətlərinin aşağı salınması istiqamətindəki siyasəti neftin qiymətində kəskin azalma riskini artırır”.

Allahverdi Aydın

Ekspert qeyd edib ki, neftin qiymətinin 40 dolların altına düşməsi Azərbaycana daxil olan valyutanın ciddi şəkildə azalmasına səbəb ola bilər:
“Buna görə də neftin qiymətində kəskin azalma manatın təzyiq altında qalmasına səbəb ola bilər. Manata təzyiq edən başqa bir səbəb son illər dövlət xərclərinin artmasıdır. Bildiyimiz kimi, 2025-ci ildə hökumət müdafiə və sosial xərcləri artırıb. Əgər büdcə kəsiri nəzərdə tutulandan çox olarsa, hökumət bunu azaltmaq üçün ya valyuta ehtiyatlarını istifadə etməlidir, ya da yeni devalvasiyaya getməlidir. Başqa bir məqam isə odur ki, Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə yüksək inflyasiya baş verir. Nəticədə manat sabit qaldığı üçün ölkə idxal inflyasiyasının təsirinə mərzu qalır. İnflyasiya səviyyəsinin yüksəlməsi isə dollara tələbatı artırır”.
Bəs, Azərbaycanda yeni devalvasiya olarsa, bunun iqtisadiyyata hansı mənfi və ya müsbət təsirləri ola bilər?
İqtisadçı-ekspert bildirib ki, yeni devalvasiya olarsa, bu, ilk növbədə əhalinin yaşayışı səviyyəsinə mənfi təsir edəcək:
“Devalvasiya inflyasiyanı yüksəldəcək. Manat ilə maaş və pensiya alan əhalinin pulları dəyərdən düşdüyü üçün daha az məhsul ala biləcəklər. Maliyyə-bank sektoru üçün də ciddi təsirləri olacaq. İndiki halda devalvasiyanın müsbət tərəfi ixracın artması ola bilər. Devalvasiya yerli istehsalda  canlanma yarada bilər”.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top