
Ötən il Azərbaycanda iqtisadi fəal əhalinin sayı 62,4 min nəfər artaraq 5 milyon 312,4 min nəfərə çatıb.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, iqtisadi fəal əhalinin 94,7%-ini və ya 5 milyon 29,8 min nəfərini məşğul əhali təşkil edib.
Məlumatlardan da göründüyü kimi, iqtisadi fəal əhalinin, yəni işləyə biləcək insanların 5,3%-i və ya 282,6 min nəfəri işsiz olub.
Qeyd edək ki, açıqlanan başqa bir rəsmi məlumatda ötən il ərzində ölkədə 91,7 min yeni iş yerinin açıldığı göstərilib. Eyni zamanda il ərzində 15,9 min iş yeri bağlanıb. Açılan iş yerlərindən bağlanan iş yerlərini çıxandan sonra məlum olur ki, il ərzində əmək bazarında 71,8 min vakant iş yeri mövcud olub.
Yeni açılan iş yerlərinin sayı iqtisadi fəal əhalinin sayından 9,4 min çox (71,8 - 62,4) artıb. Bu isə o deməkdir ki, il ərzində işsizlərin sayında da bu qədər azalma olmalıdır. Lakin 2024-cü il ərzində işsizlərin sayında cəmi 3,8 min azalma olub. Nəticədə, yeni açılan 5,6 min iş yerində heç kim işləməyib.
Başqa bir məqam isə odur ki, il ərzində qeyri-dövlət sektorunda 84 min yeni iş yeri açılıb, 4,8 min iş yeri bağlanıb. Ötən il əmək bazarının qeyri-dövlət sektorunda 79,2 min yeni iş yeri mövcud olduğu halda, bu sektorda muzdla (əmək müqaviləsi ilə) çalışan işçilərin sayı 53 min artıb. Bu isə o deməkdir ki, il ərzində qeyri-dövlət sektorunda açılan 26,2 min (79,2 - 53) yeni iş yerində ya heç kim işləməyib, ya da işləyən şəxslərlə əmək müqaviləsi bağlanılmayıb.
Elnur Əli