
Norveç şahmatçısı Maqnus Karlsen Rapid üzrə dünya çempionatında qalmaqala səbəb olan cins şalvarını hərraca çıxarıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Karlsen sosial şəbəkədəki səhifəsində bildirib.
Xatırladaq ki, Karlsen geyim qaydalarını pozduğuna görə dünya çempionatından diskvalifikasiya edilib. Belə ki, o, oyuna cins şalvarla gəlib və onları klassik şalvarla dəyişməkdən imtina edib. Bundan sonra norveçli artıq Beynəlxalq Şahmat Federasiyasının (FIDE) turnirlərində iştirak etməyəcəyini açıqlayıb.
Təşkilatın rəhbəri Arkadi Dvorkoviç dünya blits çempionatının geyim qaydalarını yumşaltmaq qərarına gəlib və bundan sonra Karlsen turnirdə iştirak etməyə razılaşıb. Yarışda o, birinci yeri rusiyalı Yan Nepomnyaşşi ilə bölüşüb.
“Qadağan olunmuş cins şalvar artıq sizin ola bilər. Cins şalvarımı hərracda satıram. Belə bir şey yazacağımı heç düşünməzdim. Bütün gəlir xeyriyyə proqramına sərf ediləcək”, - Karlsen yazıb.
Qeyd edək ki, 34 yaşlı Karlsen klassik şahmat üzrə 16-cı dünya çempionu və reytinqdə dünya lideridir. O, 2022-ci ildə Nepomnyaşşiyə qarşı titulunu qorumaqdan imtina edib. Norveçli həm də Rapid üzrə Dünya Çempionatının beşqat qalibi və Blits üzrə Dünya Çempionatının səkkizqat qalibidir.