
“Apple” “büdcə” seriyası olan SE-nin yerini tutacaq “iPhone 16e”ni təqdim edib.
Yeniavaz.com xəbər verir ki, SE seriyalı modellərdən fərqli olaraq, “iPhone 16e”də barmaq izi skaneri olan “Home” düyməsi yoxdur. Yeni “iPhone” 2532×1170 piksel təsvir ölçüsünə və 60 Hz yeniləmə tezliyinə malik 6,1 düymlük OLED ekrana malikdir.
Yeni modelin yalnız bir arxa kamerası var, onun təsvir ölçüsü 12 MP-dən 48 MP-ə yüksəlib. Ön kameranın təsvir ölçüsü 12 MP-dir. Şirkət iddia edir ki, yeni smartfon “iPhone 11”dən altı saat, “iPhone SE”dən isə 12 saat daha çox xidmət göstərə bilər.
Yeni model “iPhone 16” və “iPhone 16 Plus” ilə təchiz edilmiş A18 çipini alıb. Operativ yaddaşın həcmi 8 giqabaytdır. Cihaz həmçinin “Apple Intelligence” süni intellekt sistemini dəstəkləyir.
Telefon qara və ağ rəngdə mövcuddur. 128 giqabayt yaddaşa malik versiyanın qiyməti 599 dollardan (1 020 manat - red.), 512 giqabaytlıq maksimum konfiqurasiya isə 899 dollardan (1 530 manat - red) başlayır.