ABŞ və Rusiya nümayəndələri görüşdü


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində yüksək səviyyəli Amerika- Rusiya danışıqları yekunlaşıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, danışıqlar Bakı vaxtı ilə saat 11:30 radələrində başlayıb.
Təxminən 2,5 saatdan sonra tərəflər 15 dəqiqəlik fasilə veriblər.
Rusiya tərəfini danışıqlar masasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təmsil ediblər. Bundan əlavə, Rusiya nümayəndə heyətinin tərkibinə Rusiya İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev də daxil olub. Görüşdə ABŞ-ni Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts, dövlət katibi Marko Rubio və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edib.
Görüş kral ailəsinin saraylarından birində - Diriya şəhərindəki Albasatin kompleksində baş tutub.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov danışıqların uğurlu keçdiyini və tərəflərin gələcəkdə bir-birinin maraqlarını nəzərə almağa razılaşdıqlarını bildirib.
“Biz sadəcə olaraq razılaşdıq ki, bir-birimizin maraqlarını nəzərə alacağıq. Ancaq eyni zamanda, biz ikitərəfli münasibətləri də inkişaf etdirməliyik. Çünki həm Moskva, həm də Vaşinqton bunda maraqlıdır”, - Yuri Uşakov jurnalistlərə bildirib.
Nümayəndə heyətləri digər məsələlərlə yanaşı, ABŞ və Rusiya liderləri Donald Trampın və Vladimir Putin görüşünü də müzakirə ediblər.
“Bu məsələ müzakirə olunub, biz belə bir görüş üçün şərait yaratmağa çalışacağıq”, - Rusiya prezidentinin köməkçisi bildirib.
Onun sözlərinə görə, görüşdə Ukrayna məsələsinə də toxunulub. Tərəflər razılaşıblar ki, bu mövzu üzrə danışıqlar aparan ayrı-ayrı qruplar vaxtında əlaqə saxlasınlar.

DİGƏR XƏBƏRLƏR

Top