
Müasir texnologiyanın ayrılmaz hissəsinə çevrilən mobil telefonlar gündəlik həyatımızda mühüm rol oynasa da, həddindən artıq istifadə fiziki və psixoloji sağlamlığa mənfi təsir göstərə bilər.
Yeniavaz.com xəbər verir ki, gün ərzində 2-3 saatdan artıq telefona baxmaq göz yorğunluğu, baş ağrısı və yuxu problemlərinə səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, gecə saatlarında telefon ekranına baxmaq melatonin hormonunun azalmasına və yuxusuzluğa gətirib çıxarır.
Sosial mediaya və mobil oyunlara həddindən artıq vaxt ayırmaq stressi artırır və depressiya riskini yüksəldir. Psixoloqlar gənclərdə sosial münasibətlərin zəifləməsinin əsas səbəblərindən birinin telefon asılılığı olduğunu bildirirlər.
Uzun müddət ekrana baxmaq göz quruluğu, yaxın görmə qabiliyyətinin zəifləməsi və boyun-bel ağrılarına səbəb olur. Həmçinin, mobil telefondan istifadə edərkən düzgün olmayan bədən duruşu onurğa sütununa zərər verə bilər.
Gün ərzində telefona baxmağı 2 saatdan çox olmamaq şərti ilə məhdudlaşdırmaq lazımdır. Hər 20 dəqiqədən bir 20 saniyə ərzində 6 metr uzaqlığa baxmaq göz yorğunluğunu azalda bilər.
Gecə saatlarında ekran işığını minimuma endirmək və yatmazdan ən azı 1 saat əvvəl telefonu kənara qoymaq məsləhətdir.