İsrailin hücumu nəticəsində Qəzzada 3 polis öldü – HƏMAS atəşkəsin pozulduğunu deyir


Fələstinin HƏMAS hərəkatına bağlı Qəzza polisinin 3 əməkdaşı İsrailin pilotsuz təyyarəsinin endirdiyi zərbə nəticəsində həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Bazar günü səhər şərqi Rəfahın Əş-Şauk bölgəsində humanitar yardımın təhlükəsizliyini təmin etmək üçün xidmət aparan üç polis məmuru İsrail pilotsuz təyyarəsinin endirdiyi zərbə nəticəsində həlak olub”, - “Əl-Cəzirə” telekanalı nazirliyin bəyanatından sitat gətirib.
Nazirlik beynəlxalq ictimaiyyəti, o cümlədən Qətər, Misir və ABŞ-nin təmsil etdiyi vasitəçiləri anklavın təhlükəsizlik qüvvələrinə edilən hücumları dayandırmaq üçün qarşı tərəfə təzyiq göstərməyə çağırıb. Bildirilib ki, Qəzza zolağının polisi vətəndaşların təhlükəsizliyini təmin edən mülki qurumdur.
Daha sonra Fələstinin HƏMAS hərəkatı bəyanat yayaraq bildirib ki, İsrailin Qəzza zolağına endirdiyi və üç polis əməkdaşının ölümünə səbəb olan pilotsuz təyyarə zərbəsi atəşkəs razılaşmasının kobud şəkildə pozulmasıdır:
“Bu səhər İsrailə məxsus pilotsuz uçan aparat tərəfindən Rəfəh şəhərinin şərqinə humanitar yardımın daxil olmasını təmin edən polis əməkdaşlarına qarşı həyata keçirilən xain zərbə atəşkəs razılaşmasının ciddi şəkildə pozulmasıdır”.
Xatırladaq ki, yanvarın ortalarında İsrail və HƏMAS Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər. Sazişin birinci mərhələsinin icrası 42 gün davam edəcək. Bu müddət ərzində HƏMAS yəhudi dövlətinin həbsxanalarında saxlanılan fələstinli məhbusların qarşılığında azı 33 girovu İsrailə təhvil verəcək.

DİGƏR XƏBƏRLƏR

Top