
Mütəxəssislərin üzərində durduqları əsas məsələlərdən biri də “ortancıl uşaq” psixologiyasıdır.
Bəs nə üçün böyük və ya kiçik uşaq yox, məhz ortancıl uşaq? Çünki ortancıl uşaq böyük və ya kiçik uşaqların malik olduqları xüsusi imtiyazlardan məhrumdur. Başqa sözlə, böyük və ya kiçik uşaqlara məxsus olan “toxunulmazlıq” onlara aid deyil. Məsələn, ailədə qərar qəbul etmək əsasən böyük uşağın üzərinə düşür. Kiçik uşaq isə əksinə şıltaq və ərköyün mövqe tutur. Buna görə də, çox vaxt ortancıl uşaq öz mövqeyini özü müəyyənləşdirməyə çalışır. Bəzən bu onun üçün böyük səylər bahasına başa gəlir. Bu səylər zaman keçdikcə ortancıl uşağın ailənin ən fəal üzvünə çevrilməsinə səbəb olur.
Təbii ki, bütün bunlar ortancıl uşağın daxili dünyası ilə bağlı problemlərdir və birbaşa valideynin münasibətini ifadə etmir. Digər tərəfdən, bu, ortancıl uşaqların problemli uşaqlar olması da demək deyil. Sadəcə olaraq, ilk illər ailəsi tərəfindən diqqət və qayğıya ehtiyac hiss etdikləri üçün onların bəzi problemlərlə qarşılaşmaları təbiidir. Buna görə də, hər bir valideyn uşaqlarını diqqətlə öyrənməli və tərəf saxlamamaq şərti ilə onlardan diqqət və qayğısını əsirgəməməlidir.
Aygün Vəliyeva