
“OpenAI”nin direktorlar şurası öz şirkətini milyarder, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Maska satmaq təklifini rədd edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
“OpenAI” satış üçün nəzərdə tutulmayıb və idarə heyəti Maskın rəqabətə zərbə vurmaq cəhdini yekdilliklə rədd edir. “OpenAI”nin hər hansı potensial yenidən təşkili bizim qeyri-kommersiya müəssisəmizi, həmçinin bu müəssisənin timsalında bütün bəşəriyyətin süni intellektdən faydalanmasını təmin etmək missiyamızı gücləndirəcək”, - məlumatda qeyd edilib.
Digər tərəfdən. “The Wall Street Journal” qəzeti xəbər verir ki, milyarder İlon Mask “OpenAI”də nəzarət səhm paketinə sahib olan qeyri-kommersiya təşkilatını almaq üçün 97,4 milyard dollar təklif edib.
Maskın hüquqşünaslarından biri, vəkil Mark Toberoff, fevralın 10-da qeyri-kommersiya təşkilatının bütün aktivlərini əldə etmək üçün “OpenAI”nin idarə heyətinə təklif verib.
Qeyd edək ki, “OpenAI”, süni intellekt sahəsində ChatGPT və digər yüksək texnologiyalı məhsulların yaradıcısıdır.
Xatırladaq ki, bundan əvvəl “OpenAI”nin baş direktoru Altman Maska “X” sosial şəbəkəsini 9,74 milyard dollara almağı təklif etmişdi.