
Qəzza zolağının bərpası üçün tələb olunan vəsaitin ümumi məbləği 53,142 milyard dollar həcmində qiymətləndirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat BMT baş katibi Antonio Quterreşin hesabatında öz əksini tapıb.
Təşkilatın baş katibinin hesabatına görə, Qəzza üçün təkcə ilk üç ildə təxminən 20,568 milyard dollar tələb olunacaq.
Ən böyük xərclər inşaatda (15,2 milyard dollar), ticarət və sənayedə (6,9 milyard dollar), səhiyyədə (6,9 milyard dollar), kənd təsərrüfatında (4,2 milyard dollar) və təhsildə (2,6 milyard dollar) gözlənilir.
Sənəddə həmçinin kəskin humanitar vəziyyətə də işarə edilir. Belə ki, yaşayış binalarının 60%-dən çoxu, yolların 65%-i, məktəblərin isə 88%-i dağılıb.
İşsizlik 80%-ə çatıb və 1,9 milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşüb.
Hesabatda beynəlxalq ictimaiyyət Fələstin anklavını bərpa etmək və regionda davamlı inkişafa şərait yaratmaq üçün təcili olaraq maliyyə və texniki yardım göstərməyə çağırılır.