
“ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi “$TRUMP” kriptovalyutasına sərmayə qoyan yüz minlərlə investor bir neçə həftə ərzində təxminən 2 milyard dollar itirib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fortune” jurnalı “Chainalysis” analitik şirkətinin araşdırmalarına istinadən məlumat yayıb.
Məlumata görə, 813 mindən çox kripto pul kisəsi sahibi yanvarın ortalarında “memecoin”in istifadəyə verilməsindən bu yana 19 gün ərzində ümumilikdə 2 milyard dollar itirib. O vaxtdan bəri kriptovalyuta dəyərinin çox hissəsini itirib, hazırda vahid başına təxminən 16 dollara satılır. Populyarlığının zirvəsində onun qiyməti 75 dollara çatmışdı. Eyni zamanda, “Chainalysis” və “MerkleScience” tərəfindən aparılan təhlillər göstərdi ki, kriptovalyutanın yaradıcıları, o cümlədən “The Trump Organization” ticarət haqqı olaraq təxminən 100 milyon dollar alıb.
Nəşr qeyd edir ki, memkoinin rəsmi saytında kriptovalyutanın alınmasının investisiya strategiyasının bir hissəsi deyil, ilk növbədə Trampa dəstəyin ifadəsi məqsədi daşıdığı barədə xəbərdarlıq olsa da, bəzi treyderlər böyük pul qazanmağa çalışıblar. Belə ki, “$TRUMP” ticarətinin ilk günündə bir istifadəçi vahidi cəmi 18 sent qiymətə demək olar ki, 6 milyon token alıb. İki gün sonra o, onları sataraq 109 milyon dollar qazanıb.