![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/8/1/230b2d69-01a1-4b87-8087-a5dfdee11841/israil-girovlar-yeni0802.jpg)
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan daha üç israilli girovu azad edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əvvəlcə azad edilən girovlar Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verilib. Daha sonra girovlar Beynəlxalq Qırmızı Xaç əməkdaşları tərəfindən Qəzza zolağında İsrail hərbçilərinə təhvil verilib.
Beynəlxalq Qırmızı Xaç Komitəsindən təhvil alınan girovlar IDF xüsusi təyinatlılarının müşayiəti ilə İsrail ərazisinə aparılıb.
“Bir müddət əvvəl azad edilmiş girovlar Or Levi, Ohad Ben-Ami və Eliyahu Şarabi IDF qüvvələrinin müşayiəti ilə İsrail ərazisinə gətirilib”, - məlumatda bildirilib.
Hazırda onların ilkin tibbi müayinədən keçəcəyi gözlənilir.
Qeyd edək ki, bu, yanvarın 19-da tərəflər arasında atəşkəs qüvvəyə mindikdən sonra beşinci girov mübadiləsidir. Bu müddət ərzində 18 israilli girov və 550-dən çox fələstinli məhbus azad edilib. Bugünkü mübadilə çərçivəsində İsrail daha 183 fələstinli məhbusu sərbəst buraxmalıdır.