
Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin nəticəsinə əsasən “Qala Sığorta” ASC (VÖEN- 1700066901) bir il müddətində (01.02.2025 – 01.02.2026) “Azerspace-1” peykinin sığortalanması xidmətlərini həyata keçirəcək.
Qeyd olunan xidmət üçün “Azərkosmos” “Qala Sığorta”ya 1 milyon 377 min manat ödəyəcək. “Azerspace-1” peykinin dəyəri 53 milyon dollara (90,1 milyon manat) bərabərdir.
Qeyd edək ki, əvvəlki illərdə “Azerspace-1” peyki “Paşa Sığorta” ASC (VÖEN- 1400837161) tərəfindən sığorta olunub.
Belə ki, 01.02.2024 – 01.02.2025-ci il tarixlərində sığorta haqqı olaraq “Azərkosmos” “Paşa Sığorta”ya 1 milyon 436 min 500 manat (peykin dəyəri 66,5 miyon dollar), 01.02.2023 – 01.02.2024-cü il tarixlərində isə sığorta haqqı olaraq “Paşa Sığorta”ya 946 min 500 manat (peykin dəyəri 80 miyon dollar) ödəyib.
Onu da qeyd edək ki, “Azərkosmos” digər peykin – “Azerspace-2”nin sığortasını əvvəl “Qala Sığorta”ya həvalə etsə də, sonuncu dəfə tenderin qalibi “Paşa Sığorta” olub.
“Azərkosmos” dəyəri 81 milyon dollar olan “Azerspace-2”nin sığortası üçün 26.09.2024-26.09.2025-ci il tarixlərində “Paşa Sığorta”ya 1 milyon 581 min manat sığorta haqqı ödəyəcək. Bundan əvvəl isə “Azerspace-2”nin sığortası üçün “Qala Sığorta”ya 865 min 300 manat ödənilib.
Məlumat üçün bildirək ki, “Azərkosmos”un “Azerspace-1” və “Azerspace-2” peyklərindən başqa Yerin orbitində dəyəri 24,3 milyon avro olaraq qiymətləndirilən “Azersky” adlı müşahidə peyki də olub. Bu peyk sonuncu dəfə – 2022-ci ildə 517 min 900 manat sığorta haqqı ödənilərək “Paşa Sığorta” tərəfindən sığortalanıb. 2023-cü ilin aprel ayında peyk ilə əlaqə dayanıb və ehtimal olunur ki, peyk kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşub.
Elnur Əli