ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiya ilə müharibəsində göstərdiyi kömək müqabilində ondan nadir metallar almaq istəyir.
Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, Tramp bu barədə fevralın 3-də Ağ Evdə jurnalistlərə bildirib.
Prezident Tramp bildirib ki, o, Vaşinqtonun Kiyevə ayırdığı 300 milyard dollara yaxın yardıma uyğun olaraq oxşar razılaşma əldə etmək istəyir.
Donald Trampın sözlərinə görə, Ukrayna buna hazırdır.
“Reuters”in yazdığı kimi, çox güman ki, Tramp nadir metallar dedikdə təkcə bu kateqoriyaya daxil olan 17 metalı nəzərdə tutmayıb və bu termini daha geniş mənada işlədib. Ukrayna nadir metallar siyahısına daxil olmasa da, mühüm əhəmiyyət kəsb edən uran, titan və litium istehsal edir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin 2024-cü ilin payızında təqdim etdiyi “Qələbə planı”nın bəndlərindən biri Avropa İttifaqı (Aİ) və ABŞ ilə uran, titan və litiumun hasilatına sərmayə qoyuluşuna dair razılaşmanı nəzərdə tutur.
Ukrayna hökuməti Trampın bəyanatına cavab verməyib. Lakin o, Almaniya kansleri Olaf Şolz tərəfindən tənqid edilib.
“Reuters”in məlumatına görə, Şolts deyib ki, bu, eqoistlikdir, çünki müharibədən sonra ölkəni yenidən qurmaq üçün Ukraynanın öz resurslarına ehtiyacı olacaq.
Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi günü ABŞ Müdafiə Nazirliyinin saytında dərc edilən məlumata görə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ABŞ 24 fevral 2022-ci ildən bu yana Ukraynaya 65,9 milyard dollar hərbi yardım edib.
Kiyev həmçinin, maliyyə-iqtisadi sektor üçün də Vaşinqtondan yardım alıb.