Ağ Ev – saray, yoxsa həbsxana?


ABŞ-nin 40-cı prezidenti Ronald Reyqan 1981-ci ildə andiçmə mərasimindən təxminən bir ay sonra həyat yoldaşı Nensi Reyqan ilə Ağ Evdə şam yeməyindən sonra gözlənilməz bir sürprizlə qarşılaşır. Ona yaxınlaşan ofisiant yeməyin hesabını təqdim edir. Ağ Evin komendantının ofisiantla göndərdiyi qəbzdə təkcə o axşamın deyil, həm də arxada qalan bir ayın bütün yeməklərinin və Prezident ailəsinin bu müddətdə istifadə etdikləri diş fırçasının, diş pastasının, ayaqqabı mazının, kimyəvi təmizlənməyə verilmiş paltarlarının, istifadə etdikləri ətriyyatın, evlərinə gələn şəxsi qonaqlarının qarşılanmasına çəkilən xərclərin və s. hesabı da var idi.
Ronald Reyqan hesabın böyüklüyünə təəccüblənsə də, özünü o yerə qoymur, gülümsəyərək mühasibatlığa göstərilən məbləğin maaşından ödənilməsi barədə tapşırıq verir. Ərindən fərqli olaraq Nensi Reyqan çaşıb qalır. O sonralar bu barədə xatirələrinədə yazır:
“Heç kim bizə Prezidentin və həyat yoldaşının Ağ Evdə yaşadıqları zaman yedikləri yemək və gündəlik istifadə etdikləri məmulatlar üçün ödəniş etməli olduqlarını söyləməmişdi”.
Əslində ABŞ ictimaiyyətinin əksəriyyəti də bu barədə çox şey bilmir. ABŞ-nin keçmiş Prezidenti Bill Klintonun həyat yoldaşı və Obamanın birinci prezidentliyi dövründə dövlət katibi olan Hillari Klinton da Ağ Evdəki yaşayışlarından gileyli olub. Özünün “Sərt seçimlər” (“Hard Choices” ) kitabının təqdimat mərasimlərinin birində onun dediyi “Ağ Evdən ayrılarkən borc içində batırdıq” sözləri sosial mediada çox böyük əks-səda doğurmuşdu. Hillari Klinton səkkiz il qaldıqları Ağ Evdən ayrıldıqdan sonra Vaşinqtonda və Nyu-Yorkda ipoteka krediti ilə aldıqları iki evin və qızları Çelsinin Stanford Universitetindəki təhsil haqqının onları 2001-ci ilin qışında 12 milyon dollar borcu olan bir ailəyə çevirdiyindən də gileylənmişdi. Onun dediyinə görə, bu borcları Bill Klintonun ard-arda nəşr olunan kitablarının və pullu çıxışlarının gəlirləri hesabına yalnız 2004-cü ildə ödəyərək təmizləyə biliblər.
Bəs niyə 8 il ərzində orta illik əmək haqqı təxminən 500 min dollar olan və kirayə xərcləri olmayan bir ailə Ağ Evi pulsuz tərk edir? Nensi Reyqanı, Hilları Klintonu heyrətləndirən nədir?
ABŞ prezidentləri Ağ Evdə qaldıqları müddətdə kirayə pulu ödəmirlər, amma qalan hər şey maaşlarından tutulur. Ağ Ev ABŞ-nin Prezidenti üçün dövlət tərəfindən ayrılmış qonaq evidir və Prezident orada öz ailəsi ilə 4 və ya 8 ilini yaşamaq məcburiyyətindədir. Ağ Evdə Prezidentə və ailəsinə 5 ulduzlu otel səviyyəsində xidmət göstərilir. Ödənişlər də 5 ulduzlu otelin qiymətlərinə uyğun alınır. Burada yaşadığı dövrdə Prezident ailəsinin və şəxsi qonaqlarının hər bir xərcini özü ödəməlidir. Amerikalı vergi ödəyiciləri yalnız rəsmi hökumət qonaqlarının xərclərini ödəyirlər. Qalan fərdi mətbəx xərcləri, xidmətlər və materiallar Prezident və ailəsi tərəfindən ödənilir. Prezident kostyumlarının quru (kimyəvi) təmizlənməsi üçün pul ödəməlidir. Hətta qırılmış düyməsinin yenisi ilə əvəzlənməsi üçün pul verməlidir. Ağ Evin Prezident və ailəsi yaşayan hissəsinə xidəmət göstərən xadimələrin də işlədikləri müddətdə saat hesabı maaşlarının ödənilməsi Prezidentin öhdəliyindədir. Bir sözlə, Prezident və ailəsi icarə haqqı və elektrik enerjisi xərcləri xaricində onlara xərclənən bütün pulları qəpiyinə qədər dövlətə qaytarmaq məcburiyyətindədir.
ABŞ Prezidenti istirahətini şəhər xaricində və ya həftəsonu istirahətini “Kemp Devid”dəki istirahət evində keçirmək istəyirsə, bunun xərclərini öz cibindən ödəməlidir.
Yenə də, məsələn, Prezident ABŞ prezidentinin təyyarəsinə dövlət nümayəndəsi olmayan tək bircə nəfər mindirəcəksə, öz qardaşı olsa belə, onun üçün biznes-klass bilet almalıdır.
Cerald Forddan Corc Buşa qədər 6 prezidentin dövründə Ağ evin komendantı olan Qeri Uoltersin dediyi kimi, Prezident və ailəsi Ağ Evin 4 və ya 8 illik icarə müqaviləsinə sahib olan kirayənişinləridir. İstədikləri yeməkləri bişirtdirə, istədikləri markalardan istədikləri mal və məhsulları sifariş verib ala bilərlər, amma xərcini də Amerika xalqı deyil, Prezident və ailəsi öz ciblərindən ödəməlidir. Təbii ki, onların yüksək qiymətə alışması üçün vaxt lazımdır. Prezidentlərə və ailələrinə göstərilən xidmət 5 ulduzlu otelin keyfiyyətində olduğundan, ödəniləcək pul da 5 ulduzlu otel qiymətləri səviyyəsindədir.
Uolters deyir:
“Yeməyin, xidmətin və məhsulların baha olduğundan şikayətlənməyən ailə xatırlamıram. Xatırladığım ən böyük reaksiya Cimmi Karterin həyat yoldaşı Rozalin Karterin göstərdiyi münasibətdir. Aylar boyu məmləkətləri Atlantada həm yeməklərin, həm də məhsulların daha ucuz olduğunu söyləməkdən yorulmurdu. Lakin birinci xanımın şikayətləri qiymətləri aşağı salmaq üçün kifayət etmədi.
Corc Buşun həyat yoldaşı Laura Buş “Ürəkdən gələn söhbət” (“Spoken from the Heart”) xatirə kitabında Ağ Evdə yaşamağın nə qədər baha olduğundan şikayət edir. Onun üçün ən çətin məsələlərdən biri, öz şəxsi işi üçün deyil, dövləti təmsil edəcəyi mərasimlərə gedərkən saçını düzəldən bərbərə haqq ödəməsi idi. Xanım Buş kitabında yazır:
“Ödəniş qəbzləri aylıq gəlir. Prezidentin və onun həyat yoldaşının və iki qızının bütün yeməkləri, istifadə etdikləri bütün şəxsi ləvazimatlar, quru (kimyəvi) təmizlik də daxil olmaqla bütün xidmətlər, ofisiantların və ev xidmətçilərinin saat hesabı alacaqları və şəxsi qonaqlarının bütün məsrəfləri bu qəbzdə göstərilir. Bunlara öyrəşmişdim. Amma qəbzdə məni heyrətləndirən bəndlər də var idi. Protokol qaydalarında ölkənin birinci xanımı olaraq, geyinəcəyim paltarların xüsusi dizayn olmasına dair bir tələb var idi. Paltarın pulunu ödəməyə bir söz demirəm, amma mən həm də dizaynın dəyərini ödəməli idim”.
ABŞ Prezidentinin maaşı sonuncu dəfə 1999-cu ildə artırılıb. ABŞ Prezidentinin çılpaq maaşı ildə 400 min dollar civarındadır. 50 min dollar da vəzifə təzminatı ödənilir. Bu ödənişlərin hər ikisi vergiyə cəlb edilir. Prezident onların gəlir vergisini ödəməlidir. Bundan əlavə, prezidentin səfərləri üçün illik 100 min dollarlıq müavinət ödənilir ki, bu məbləğ vergidən azaddır. Ancaq Ağ Evdəki ödənişlərin yüksəkliyini nəzərə alsaq, ABŞ prezidenti maaşının demək olar ki, hamısını aylıq xərclərinə xərcləyir. Başqa sözlə, başqa bir sərvəti yoxdursa, aylıq maaşı ilə Ağ Evdə “əl-ələ, baş-başa” yaşamaq məcburiyyətindədir. Bəlkə də buna görə Prezident Cerald Ford Ağ Evi “indiyə qədər gördüyüm ən lüks sosial rifah yaşayış yeri” olaraq xarakterizə edib.
Ağ Ev Prezident Trumana görə:
Xarici görkəmi gözöxşayan işiqlı həbsxanadan başqa bir şey deyil. 
Ronald Reyqana görə:
Qızıl balığın yaşadığı akvariumdur.
Mişel Obamaya (Barak Obamanın xanımı) görə:
Çox gözəl dekorasiyası olan həbsxanadır.
Və nahayət, Ağ Ev kirayənişinləri prezidentlər və onların ailə üzvləri olan kirayəxanadır. Onun mülkiyyət hüququ isə Amerika xalqına məxsusdur. 
Ata Corc Buşun həyat yoldaşı Barbara Buş deyir ki, Ağ Evdə işləyən bir xidmətçi bu həqiqəti ona belə izah edib:
Prezidentlər gəldi gedərdi, buranın əsl sakinləri bizik.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top