2023-cü ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə ilə bağlı çıxarılmış edam hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Əsgər Cəhangiri məlumat verib.
O bildirib ki, hökm icra üçün Tehran məhkəməsinə göndərilib.
Qeyd olunub ki, hökmün icrası Y. Hüseynzadə ailəsi ilə görüşdükdən sonra baş tutacaq.
Xatırladaq ki, 2023-cü ilin 27 yanvar tarixində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. “Kalaşnikov” silahı ilə səfirliyə hücum edən 50 yaşlı İran vətəndaşı Yasin Hüseynzadə təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu öldürüb və daha iki mühafizəçini yaralayıb.
Hadisədən dərhal sonra İran rəsmiləri hücum edən şəxsin saxlanıldığını açıqlayıblar.