Türkiyədə terrorçuya verilən 40 qat ömürlük həbs cəzası təsdiqləndi


Türkiyə Ali Məhkəməsi 2017-ci ildə İstanbulun “Reina” gecə klubunda törədilən və 39 nəfərin ölümü ilə nəticələnən terror aktının icraçısı Əbdülqadir Maşaripova 2020-ci ildə verilmiş 40 qat ömürlük həbs cəzasını təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, məhkəmə məhkumun vəsatətlərinə baxaraq, hökmlərin qanuna zidd olmadığına qərar verib.
Maşaripov 39 nəfəri qəsdən öldürməkdə və 79 nəfəri öldürməyə cəhd etməkdə təqsirli bilinib.
Məhkəmə 2020-ci ilin sentyabrında onu ağırlaşdırıcı hallarla 40 dəfə ömürlük və hər bir maddə üzrə 1368 illik həbs cəzasına məhkum edib.
Ali Məhkəmə kluba hücumda iştirak edən və müxtəlif cəzalar alan daha 31 məhkumun vəsatətlərinə baxıb və onların da hökmləri dəyişməz qalıb.
Qeyd edək ki, 2017-ci il yanvarın 1-nə keçən gecə İstanbulun Ortaköy rayonunda “Reina” gecə klubunda törədilən terror aktı nəticəsində 16-sı əcnəbi olmaqla 39 nəfər həlak olub. Qurbanlar arasında İordaniya, Mərakeş, Səudiyyə Ərəbistanı, Livan, Liviya, Rusiya və İsrail vətəndaşları da var.
Məlum olduğu kimi, terror aktını Özbəkistandan olan Əbdülqadir Maşaripov törədib və qısa bir vaxtda İstanbulun rayonlarından birində saxlanılıb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

DİGƏR XƏBƏRLƏR

Top