Bakı şəhər sakini getdiyi gözəllik salonunda əməkdaşın xətası səbəbilə saçının yandığını iddia edir.
Yeniavaz.com xəbər verir ki, Zeynəb Abbasova adlı xanım bu barədə sosial şəbəkə hesabında məlumat dərc edib.
Onun sözlərinə görə, hadisə “Memar Əcəmi” metrostansiyası yaxınlığında yerləşən “Mone” gözəllik salonunda baş verib.
Z. Abbasova saçının ön hissəsinin yanmasını əks etdirən fotonu da paylaşıb.
“Lazeroloq xanım başımın təpə hissəsindəki saçımı yandırdı və günahkar da məni görüb, “başını tərpətdin” dedi. Halbuki mənə suallar verib söhbət edirdi. Diqqətsiz şəkildə saçımı yandırdı. Mənə deyir ki, “xanım, işdir də olub. Nə siz mübahisə aparın, nə mən mübahisə edim. Onsuz da olan olub”. Məni haqsız görüb, üzr belə istəmədi. Salonun digər işçisi də məni günahkar gördü. “Saçın yanmayıb, heç nə yoxdur”, dedi. Sonra özümü müdafiə edən zaman “Saçına toz səpmisən, o da şüanı çəkir, ona görə yanıb” dedi. Daha sonra isə mənə “siz problemli adamsınız” dedi. Ziyan görən də mən, ittiham olunan da mən”, - deyə Z. Abbasova bildirib.
“Mone” gözəllik salonundan Yeniavaz.com-a bildirilib ki, hadisə sınaq müddətində olan əməkdaşın səhvi nəticəsində baş verib.
“Həqiqətən də belə bir hadisə baş verib. Müştəri ilə danışdıq. Xanım kosmetoloqa gedib, o problem artıq həllini tapıb. İşçinin səhvi olub. O sınaq müddətində idi. Biz onun işinə baxacaqdıq. O da gəldi, təsadüfən belə bədbəxtçiliklə üzləşdik. Çox böyük səhv edib. Olacağa çarə yoxdur. Xanıma dəymiş mənəvi zərər aradan qalxmalıdır. Kosmetoloqun rəyini gözləyirik”.
Murad Məmmədov