Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında söylədiyi fikirlərə görə İstanbul Baş Prokurorluğunun başlatdığı istintaqda saxlanılan Zəfər Partiyasının sədri Ümit Özdağın İstanbul Ədliyyəsindəki əməliyyatları başa çatıb.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, Ümit Özdağ prokurora ifadə verdikdən sonra növbətçi sülh cəza hakimliyinə gətirilib və “ictimaiyyəti açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək” cinayətinə görə həbs edilib.
***18:49
“Türkiyədə “Prezidenti təhqir etmək” ittihamı ilə saxlanılan Zəfər Partiyasının sədri Ümit Özdağın prokurorluğa verdiyi ifadə başa çatıb”.
Yeniavaz.com NTV-yə istinadən xəbər verir ki, bu barədə Partiyanın mətbuat katibi Əzmi Karamahmutoğlu məlumat yayıb.
Karamahmutoğlu bildirib ki, Özdağ ifadə verdikdən sonra sərbəst buraxılıb.
Bildirilib ki, CHP sədri Özgür Özəl, İYİ Partiya sədri Müsavat Dərvişoğlu, CHP Qrup sədr müavini Əli Mahir Başarır və İYİ Partiya Qrup sədr müavini Turhan Çömez və Zəfər Partiyasının üzvləri də daxil olmaqla bəzi siyasətçilər Özdağa dəstək vermək üçün ədliyyəyə gəliblər. Ədliyyə binası və ətrafında polis qrupları tərəfindən sıx təhlükəsizlik tədbirləri görülüb.
***12:13
Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ Ankarada saxlanılıb.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, Özdağ İstanbul Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində İstanbul Polis İdarəsinə gətirilib.
İstintaqın başladılmasına səbəb onun 19 yanvar 2025-ci il tarixində Antalyada keçirilən əyalət başçılarının toplantısında Prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına söylədiyi fikirlər olub.
İstintaq “prezidenti təhqir etmək” maddəsi ilə açılıb. Daha sonra partiya liderinə qarşı “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” ittihamı da irəli sürülüb.
Özdağ istintaq xəbərindən sonra sosial şəbəkədəki paylaşımında bu çıxışı min dəfə də etməyə hazır olduğunu bildirib.