Bu ilin yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda 282,3 min nəfər işsiz şəxs olub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən bir il ərzində ölkədə işsizlərin sayı 3,9 min nəfər azalıb.
Məlumat üçün bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 312,1 min nəfər olub, onların 5 milyon 29,8 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.
Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 20 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb. Qeyd olunan tarixdə ölkədə 375,9 min işsiz olub. Ən aşağı işsizlik səviyyəsi isə 2014-cü ilin əvvəlində qeydə alınıb. 1 yanvar 2014-cü il tarixində ölkədə 236,6 min işsiz olub.
Onu da qeyd edək ki, bu ilin yanvar ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 217,2 min nəfər olub və onların 47,6%-ini qadınlar təşkil edib.