Hər kəs öz qohumuna uyğundur…


İnsan iradə sahibidir, ağlı ilə düşünür, yaxşını pisdən, xeyiri zərərdən ayırır və iradəsi ilə seçim edir. Dost seçir, ixtisas seçir, iş seçir, vəzifə seçir, geyim seçir, ömür-gün yoldaşı seçir, hətta yaşamağa ölkə seçir...
Çox şey seçmək imkanına sahibik, amma bizim iradəmizdən kənar Allahın (c.c.) bizim üçün seçdikləri var: Vətən, xalq, ailə, valideyn və qohum kimi...
Allahın (c.c.) bizim üçün seçdiklərinə bizim münasibətimiz də elə dünya həyatında imtahanın başlanğıcı deməkdir. Düşünün, kimi göz açır və görür ki, İngiltərə kraliyyət ailəsinin vəliəhdidir. Kimi də göz açır və görür ki, Afrikanın aclıqla, qıtlıqla boğuşan bir ailəsindədir.
Amandır, birdən kimsə bu məqamda İlahi haqsızlıq olduğunu düşünər. Əsla! Burada haqsızlıq yoxdur, burada imtahan var. Hər kəs öz imkanı, öz vəziyyəti, öz əməli ilə hesaba çəkiləcək. Bu işin hikmətini Allah bilir. Biz isə mövzumuza qayıdaq. Hansı ölkədə, hansı şəraitdə yaşamasından asılı olmayaraq, insanın öz qohumları ilə münasibətindən danışaq.
Qohumlar bizim taleyimizə bizdən əvvəl və bizim rəyimiz olmadan Allah (c.c.) tərəfindən yazılmış fərdlərdir. Qurani-Kərimdə buyurulur ki, Allahın (c.c.) bizim üçün seçdiklərinə sevgi ilə, hörmətlə yanaşaq. Yəni, buradan məlum olur ki, Allahın (c.c.) seçiminə hörmət etmək elə Allaha hörmət etməkdir.
Qurani-Kərimdə həm də bizə qohumlarla əlaqə saxlamaq, baş çəkmək, hal-əhval tutmaq, imkan daxilində yardımlaşmaq buyurulur. Qohumlarla sosial əlaqələrini kəsən kəslər Qurani-Kərimdə şiddətlə qınanırlar. Belə ki, Uca Allah Nisa surəsinin 1-ci ayəsində insanları Allahın əmrlərinə qarşı çıxmaqdan çəkindirməklə yanaşı, qohumluq əlaqələrini kəsməkdən də çəkindirir. Bu ayəni əsas alan bəzi təfsirçilər hətta qohumluq əlaqələrini kəsməyin haram olduğunu bildirirlər.
Başqa bir ayədə də: “Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiklərini (qohumluq əlaqələrini) qoparanlar və yer üzündə fitnə-fəsad törədənlərə gəldikdə, lənət məhz onlaradır və onlar üçün pis bir yurd (cəhənnəm) var” (Rad, 13/25) - buyurularaq cəhənnəmə aparan əməllərin arasında qohumluq əlaqələrini kəsmək də sadalanır.
Başqa bir ayədə isə belə buyurulmaqdadır: “Yaxşı əməl sahibləri mal-dövlətlərini çox sevmələrinə baxmayaraq onu qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qulların azad olunmasına sərf edənlərdir...” (Bəqərə, 2/177).
Bir müsəlmanın qohum-əqrabaları ilə əlaqələrini gücləndirməsi və onlara maddi-mənəvi dəstəyini əsirgəməməsi İslam dinində çox əhəmiyyətlidir ki, buna qısaca “sileyi-rəhm” deyilir. Belə ki, Uca Allah kitabında qohumların bir-birinə qarşı olan vəzifələrindən xəbər verir və onları bir-birinin mirasçısı elan edir.
Qohumluq əlaqələrinin yaxşı olması insanı maddi və mənəvi pisliklərdən qoruyur, həm də müxtəlif cür saleh əməllərin yerinə yetirilməsinə kömək edir.
Allahın (c.c.) insanlar üçün göndərdiyi peyğəmbərlər də öz dəvətlərinə ailə və qohumlarından başlamış və Allahın göndərdiyi haqq dini onların köməyi ilə təbliğ etmişlər. İslam dini ailədə mühafizə edilir və qohum-əqrabalardan başlayaraq yayılmağa başlayır. Eləcə də, ailə və qohumluq əlaqələri güclü olan insanlar nəfslərinə və şeytanın vəsvəsələrinə qarşı özlərini daha asan qoruya bilirlər.
Bəzən kimsə hansısa məziyyətinə görə özünü qohumlarından fəqrli hesab edə bilər. Hətta ola bilsin ki, o qohumluğu özünə yaxın qoymayanlar da tapıla bilər, amma bir məsələ var ki, bir çox hikmətlər bu dünyada anlaşılmaya da bilər.
Axirət dünyasında isə heç bir şeyin əbəs olmadığına hər birimiz şahid olacağıq. Yəni, filankəsin sənin dayın, filankəsin də əmin oğlu olması səndən asılı olmasa da, hansısa bir hikmətə söykənir və biz o hikmətin mahiyyətini vaxtı çatanda öyrənəcəyik.
Qurani-Kərimdə Uca Allah buyurur: “...Qohumlar Allahın Kitabında (lövhi-məhfuzda və ya Quranda irs, varislik baxımından) bir-birinə daha uyğundurlar (yaxındırlar). Həqiqətən, Allah hər şeyi biləndir!..” (Ənfal, 8/75).
Demək, hər qohumluqda bir uyğunluq, bir yaxınlıq, bir məntiq var. Peyğəmbərimiz də: “Ruzisinin çoxalmasını və ömrünün uzanmasını istəyən kəs qohum-əqrabalarına göz-qulaq olsun” - buyuraraq bu əlaqələrin insanın dünya və axirət səadətində mühüm rol oynadığını xəbər verir.
Başqa bir hədisi-şərifdə də: “Allaha və axirət gününə iman gətirən şəxs qohumlarına yaxşılıq etsin”, - buyurulur və bu cür davranışın möminə xas xüsusiyyət olduğu bildirilir. Səhabələrdən biri Allah Rəsuluna (s.ə.s.): “Məni cənnətə aparacaq bir əməl söyləyə bilərsinizmi?” - deyə sual verdikdə Peyğəmbərimiz (s.ə.s.) belə buyurur: “Allaha itaət edib Ona heç bir şərik qoşmayacaqsan, namazını qılacaqsan, zəkatını verəcəksən və qohumlarına himayədarlıq edəcəksən”.
Bütün bu söhbətlərdən sonra günümüzün reallığına qayıdaq. Bu gün cəmiyyətimizdə qohumluq əlaqələri bir çox hallarda xeyir istiqamətində deyil, zərər istiqamətində inkişaf edir. Məsələn, birinin əlinə səlahiyyət keçən kimi qohum-əqrabasını başına toplayır və bütün təsir dairəsində olanlara zülm edir. Halbuki, Sevimli Peyğəmbərimiz (s.ə.s.) işləməkdən əlləri qabar olmuş ciyərparası Fatimeyi-Zəhraya ev işlərində yardım etməyə bir köməkçi vermədi.
İndi siz düşünün, hansı ata övladını Peyğəmbərimizin qızını sevdiyi qədər sevə bilərdi. Sevmək o demək deyil ki, sevdiyinin xətrini xoş etmək üçün başqalarına zülm edəsən. Dinimizin buyurduğu qohumluq münasibətləri onlara səlahiyyət, imkan vermək, ya da yağ içində böyrək kimi bəsləmək demək deyil. Xeyir dünya nemətində, malda-pulda deyil, xeyir əbədi qurtuluşda, axirət sevincindədir. Unutmaq omaz ki, bizim üçün Allahın (c.c.) əmr etdiyi ədalət prinsipi qohumluqdan əvvəldir. Sevgi də, qohumluq da, dostluq da ədalət prinsipi ilə tənzimlənməlidir. Əgər sənin qohumun haqsız olduğu halda, başqa biri ilə münaqişə edirsə və sən də öz qohumunun tərəfini tutursansa, sən də elə o qohumun qədər zalımsan... Sənin o qohumuna yaxşılığın o olar ki, onu haqsızlıqdan çəkindirəsən, doğru yola, ədalətə gətirəsən.
Ədalət hissindən məhrum olmuş cəmiyyətdə qohumbazlıq, tayfabazlıq, yerliçilik baş alıb gedir ki, bu da cəmiyyətə qarşı həm zülm, həm də haqsızlıqdır.
Qohumları ziyarət etmək, yaşlıların könlünü almaq, ehtiyac sahiblərinə əl tutmaq xoş əməllərdir. Əgər bir ölkədə hər varlı öz qohumlarına yardım etsə, əmin olun ki, əksər ehtiyaclar ödənər.
Bir daha o məsələyə qayıtmaq istəyirik ki, yaxşılıq etmək, əl tutmaq, himayədarlıq etmək ədalətdən uzaq düşmək, başqalarını unutmaq, ancaq qohumlarına yardım etmək, haqsız da olsa, qohumunun tərəfini saxlamaq, layiq olmadığı halda qohumuna səlahiyyət vermək demək deyil. Qohuma ən böyük yaxşılıq onu haqqa, ədalətə, el təbirincə desək, Allah yoluna dəvət etməkdir...

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top