İspaniya çempionatının 20-ci turunda vitse-çempion “Barselona” rəqibin meydanında “Xetafe” ilə 1:1 hesablı heç-heçə edib.
Yeniavaz.com xəbər verir ki, hesabı 9-cu dəqiqədə Kataloniya təmsilçisinin fransalı müdafiəçisi Jül Kunde açıb.
34-cü dəqiqədə “Xetafe”nin uruqvaylı yarımmüdafiəçisi Mauro Arambari cavab qolunu vurub və görüş bu hesabla başa çatıb – 1:1.
Qeyd edək ki, “Barselona” 39 xalla üçüncü, “Xetafe” 20 xalla 16-cı pillədə qərarlaşıb.
Laliqanın hazırkı lideri “Atletiko Madrid” isə doğma meydanında “Leqanes”ə minimal hesabla uduzub.
Qonaqların yeganə qolunu 49-cu dəqiqədə serbiyalı müdafiəçi Matia Nastasiç vurub.
90-cı dəqiqədə “Atletiko” penalti zərbəsi qazansa da, fransalı hücumçu Antuan Qrizman bu fürsəti əldən verib.
Hazırda çempionata “Atletiko” 44 xalla başçılıq edir, “Leqanes” isə 22 xalla 15-cidir.