Dünyanın ən populiyar kriptovalyutası olan Bitkoinin (BTC) dəyəri son 6 gün ərzində 8 000 dollar və ya 7,8% ucuzlaşıb.
Yeniavaz.com xəbər verir ki, Bitkoinin qiyməti yanvar ayının 6-da 102 000 dollara bərabər olduğu halda, hazırda 94 000 dollara düşüb.
Qeyd edək ki, Bitkoinin qiyməti ötən ilin dekabr ayının 17-də 108 000 dollara çataraq tarixi zirvəyə yüksəlib.
Məlumat üçün bildirək ki, ötən ilin oktyabr ayının əvvəlindən etibarən Bitkoinin qiymətində kəskin artımlar müşahidə olunub. Ekspertlər belə hesab edirlər ki, son aylar Bitkoinə marağın artması və bu səbəbdən də qiymətlərin kəskin yüksəlməsinin əsas səbəbi ABŞ-nin yeni seçilən Prezidenti Trampın kriptovalyutalar ilə bağlı verdiyi açıqlamalar olub. Tramp seçkiqabağı təşviqat kampaniyalarında davamlı olaraq rəqəmsal aktivləri dəstəklədiyini bəyan edib. Bu sahənin investorları Trampın qələbəsindən sonra böyük miqdarda kriptovalyutalar almağa başlayıblar. Eyni zamanda kriptovalyutaların, o cümlədən də Bitkoinin bahalanmasının əsas səbəblərindən biri Trampın ən yaxın adamlarından biri olan İlon Maskın da bu sahəyə maraq göstərməsidir.
Bu sahənin mütəxəssisləri onu da qeyd edirlər ki, Trampın səlahiyyətlərinin icrasına başladıqdan sonra bu sahədə real addımlar atacağı inandırıcı görünmür. Ehtimal olunur ki, Tramp prezidentliyinin ilk vaxtlarında daha çox Çin və Ukrayna ilə bağlı məsələlərə, həmçinin neft hasilatının artırılmasına diqqət edəcək. Belə olan halda, Bitkoin qiymətlərində yenidən ucuzlaşma qaçılmaz olacaq.