Qızıl, yoxsa daşınmaz əmlak: Hansı daha sərfəlidir?


Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanan son məlumata görə qızılın 1 qramının qiyməti 146,5 manata bərabər olub.
Yeniavaz.com
xəbər verir ki, 1 qram qızılın qiyməti son 2 ayda 4% və ya 6,2 manat ucuzlaşıb.
Məlumat üçün bildirək ki, qızılın qiyməti 2 ay əvvəl Azərbaycanda tarixi zirvəyə yüksəlib. Qızlın qiyməti ötən ilin əvvəlindən başlayaraq sürətlə bahalaşıb və noyabrın əvvəlində ən yüksək səviyyəyə çatıb. Belə ki, yanvar ayının əvvəlində 1 qram qızıl 112,2 manat olduğu halda, noyabr ayının əvvəlində 152,7 manata yüksəlib.
Əvvəlki illərin təcrübəsinə baxdığımız zaman açıq şəkildə görülür ki, qızılın qiyməti böhran dövürlərində bahalanmağa başlayır. Məsələn, 2008-ci ildə baş verən qlobal iqtisadi böhrandan sonra dünyada qızılın qiyməti sürətlə bahalaşdı. Təkcə 2009-cu ildə sarı metalın qiymətində 34% artım qeydə alındı.
Son illər Rusiya-Ukrayna müharibəsinin yaratdığı böhran qızılın yenidən bahalaşmasına səbəb olub. Lakin son 2 ayda qızlın qiymətində müşahidə olunan ucuzlaşma onu göstərir ki, investorlar 2 ildən çoxdur davam edən qlobal gərginliyin tədricən azalacağına inanırlar. Donald Trampın ABŞ Prezidenti seçilməsi bu inamın güclənməsində həlledici paya sahib olub.
Belə bir vəziyyətdə qızıla vəsait yatırmaq nə dərəcədə sərfəli ola bilər? Ya da, belə bir vəziyyətdə qızılı əvəz edə biləcək alternativ investisiya aləti nə ola bilər?
İndiki halda, qızılı əvəz edəcək ən etibarlı aktiv kimi daşınmaz əmlak ön plana çıxır. Məlumdur ki, əhalinin sayının artması fonunda paytaxt Bakıda daşınmaz əmlaka tələbat hər zaman yüksək olub. Tələbin yüksək olması o deməkdir ki, daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşmə ehtimalı olduqca azdır. Yaxın dövürlərdə paytaxt ərazisindəki sənədsiz evlərin sənədləşdirilməsi prosesinə başlanılacağını da nəzərə alsaq, deyə bilərik daşınmaz əmlakın qiymətində hər hansı bir ucuzlaşma olmayacaq.
Eyni zamanda qızıldan fərqli olaraq, daşınmaz əmlakı kirayəyə verməklə əlavə qazanc əldə etmək imkanı var. Məsələn, siz 300 000 manat verib, “28 May” metro stansiyasına yaxın ərazidə 3 otaqlı və təmirli mənzil alsanız, onu ayda çox rahatlıqla 1 200 manatdan kirayə verə bilərsiniz. Nəticədə daşınmaz əmlakın bahalanıb-ucuzlaşmasından asılı olmayaraq, siz bir il ərzində 14 min 400 manat qazana bilərsiniz.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top